Beynəlxalq Bankın rəhbərliyi yenə dəyişdirildi

Beynəlxalq Bank

Dekabrın 8-i “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib.

Bankdan verilən məlumata görə, toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

Buna da bax:​ C.Hacıyev: 'Yarıtmaz devalvasiyanın müəllifi maliyyə naziridir'

X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır. O, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər “AzərTürkbank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.

Azərbaycan prezidentinin 2015-ci il iyulun 15-i verdiyi fərmanla hazırda bankda sağlamlaşdırılma tədbirlərinin aparıldığı bildirilir.

Elmar Məmmədov Cahangir Hacıyevdən sonra bu bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilmişdi.

Buna da bax: Beynəlxalq Bankın problemli aktivlərinin satışına başlanıb

C. Hacıyev bu il vəzifə səlahiyyətlərini aşma, küllü miqdarda dövlət əmlakını mənimsəməkdə və başqa iqtisadi cinayətlərdə ittiham edilərək 15 il həbs cəzası alıb.

Bu gün, dekabrın 8-i bəzi yerli saytlar Elmar Məmmədovun da “qara bazara” dollar ötürülməsinə görə, dindirildiyi xəbərini yaysalar da, rəsmi qurumlar, hələlik belə məlumatları təsdiqləməyiblər.