Dünyanın ən böyük amfibiya təyyarəsi havaya qalxdı [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Dünyanın ən böyük amfibiya təyyarəsi havaya qalxdı

Çin öz gücünə istehsal etdiyi və dünyada ən böyük amfibiya təyyarə sayılan AG600-ü təqdim edib.

Dekabrın 24-də təyyarə Cənubi Çin dənizi sahillərində ilk uçuşunu həyata keçirib.

Çinin dövlət televiziyası AG600-ün Zhuhai aeroportundan qalxıb bir saatdan sonra yerə enməsi, hərbi marş sədaları altında Çin bayraqlarını yelləyən kütlə tərəfindən qarşılandığını nümayiş etdirib.

Çinin Aviasiya Sənayesi Korporasiyası bu təyyarəni yaratmağa 8 il sərf edib. Təyyarə az qala Boinq-737 təyyarəsi boydadır.

Bu təyyarədən dənizdə batan gəmilərə kömək, meşə yanğınlarının söndürülməsi missiyaları zamanı, eləcə də hərbçilərin daşınması üçün istifadə etmək olar.

Çəkisi 53 ton olan təyyarə birdəfəyə maksimum 5 min kilometr uça bilir. Qanadlarının ucları arasındakı məsafə 38,8 metrdir.

Təyyarə yanğınsöndürmə əməliyyatı zamanı 12 ton su daşıya bilər.

Xilasetmə əməliyyatı zamanı göyərtəsinə 50 nəfər götürə bilər.

Hazırda Çin, Malayziya, Vetnam, Filippin, Tayvan və Bruneyin Cənubi Çin dənizi ilə bağlı iddiaları var.

Çin indi öz ordusunu modernləşdirmək üçün xüsusi proqram həyata keçirir. Bu proqrama peyklərə qarşı raketlərdən tutmuş təyyarədaşıyan gəmilərin istehsalınacan müxtəlif planlar daxildir.