Miyatoviç regiona gəlir

Dunya Miyatoviç

Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç oktyabrın 16-dan 20-dək Ermənistana və Azərbaycana, o cümlədən Qarabağ regionuna səfər edəcək. Avropa Şurasının yaydığı məlumata görə, səfərdə məqsəd münaqişənin təsirinə məruz qalmış əhalinin hüquqlarının durumuna fokuslanmaqdır.

Komissar dövlət rəsmiləri, beynəlxalq qurumlar və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək. Səfərin sonunda bəyanat yayılacaq.

Xatırlatma

AŞPA oktyabrın 12-də Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağda apardığı hərbi əməliyyatı pisləyib, Azərbaycanın Dağlıq Qarabağda münaqişənin dinc yolla həlli öhdəliyi olduğunu vurğulayıb. Hesabat Azərbaycanı erməni əhalinin Qarabağa qayıdışını təmin etməyə və onların hüquqlarını qorumaq istəyini göstərməyə çağırıb.

Azərbaycan XİN isə AŞPA-nın bu qətnaməsini və tövsiyəsini qətiyyətlə rədd edib və şiddətlə qınayıb. Bu barədə Azərbaycan XİN-in şərhində bildirilib.

Buna da bax: Avropa Şurası Azərbaycana sanksiya qoya bilərmi? 'Erməni sakinləri inandırmağa çalışmalıdır'

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq Ermənistan və Azərbaycan sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər, onların silahları təhvil verməyə başladıqları açıqlanıb.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.