DST rəhbəri meymunçiçəyinin yayılmasından narahatdır

Meymun çiçəyi virusu, pozitiv. İlustrasiya

Dünya Səhiyyə Təşkilatının (DST) Baş katibi Tedros Qebreyesus iyulun 23-də meymunçiçəyinin yayılması ilə bağlı ictimai səhiyyə sahəsində beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyəti elan edib.

DST-nin son məlumatlarına görə, may ayından bəri 70-ə yaxın ölkədə bu xəstəliyə 16 mindən çox yoluxma qeydə alınıb.

Həm heyvanlara, həm də insanlara təsir edən və simptomlarına görə çiçək xəstəliyinə bənzəyən bu xəstəlik adətən bir qədər yüngül formada keçir. Xəstəlik yüksək hərarət, əzələ ağrısı, xarakterik səpgi və qaşınma halları ilə müşahidə olunur. Bunun xüsusi müalicəsi yoxdur, meymunçiçəyi adətən 2-4 həftə ərzində öz-özünə keçib gedir. Amma bu xəstəlikdən ölüm halları da qeydə alınıb.

Qebreyesusun sözlərinə görə, DST komitəsinin üzvləri hazırkı epidemiyanın beynəlxalq miqyasda fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı razılığa gələ bilməyiblər. Bu baxımdan qərarı təşkilatın rəhbəri kimi şəxsən onun özü verib.

Buna da bax: Avropada meymunçiçəyindən vaksinasiya başlanır

Eyni zamanda, o vurğulayıb ki, yoluxma riskləri qeyri-bərabərdir - Avropada dünyanın digər hissələri ilə müqayisədə daha yüksəkdir.

Qebreyesusun drdiyinə görə, onun fövqəladə vəziyyət elan etməsi hökumətlərin müəyyən tədbirlər görəcəyi anlamına gəlmir, lakin bu, peyvənd və peyvənd istehsalı üçün maliyyənin artırılmasına təkan verə bilər.

Meymunçiçəyi ilk dəfə 1958-ci ildə aşkarlanıb. 2022-ci ilin may ayına qədər əksər yoluxma halları Afrikada qeydə alınıb, lakin mayda xəstəlik Avropada sürətlə yayılmağa başlayıb.

Xəstəliklərin böyük əksəriyyəti başqa kişilərlə cinsi əlaqədə olan 18-50 yaş arası kişilərdir. Meymunçiçəyi xəstəliyinin qarşısını 1970-ci illərin sonuna qədər doğulanların hamısına vurulan çiçək peyvəndi alır.

Risk qrupları üçün istifadə olunan meymunçiçəyinə qarşı birbaşa peyvənd də var.

Bu arada COVID-19-a yoluxma halları yenidən artmaqdadır. Amma ölüm hallarının sayı pandemiyanın ilk dövrü ilə müqayisədə daha aşağı səviyyədə qalır.

Buna da bax: Rusiyada meymunçiçəyinə ilk yoluxma aşkarlanıb