Əfv Komissiyası müraciətlərə baxılmasını yekunlaşdırıb

Əliməmməd Nuriyev

Bugün, mayın 22-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev " Turan"a məlumat verib.

Onun sözlərinə görə, son iclasda 100-dən çox ərizəyə baxılıb.

Ümumilikdə isə son bir ayda komissiya 700 ərizəyə baxıb.

Onun vurğulamasına görə, Komissiya işini yekunlaşdıraraq, nəticələrini Azərbaycan prezidentinə təqdim edəcək.

Komissiyanın son bir aydakı iclaslarının 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Azərbaycanda sön əfv sərəncamı 2023-cü il mayın 8-də imzalanmışdı.

Sərəncama əsasən 801 məhkum əfv olunmuşdu. Onlardan 463-ü azadlıqdan məhrum etmə cəzasından, 220-i azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118-i də azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Azadlığa çıxanlardan yalnız bir neçə nəfər hüquq müdafiəçilərinin siyasi məhbus siyahılarında yer alırdı.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda isə Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.