Elçin Sadıqovla bağlı yeni qərar

Elçin Sadıqov

Hakim Leyla Əsgərova-Məmmədova bu prosesdə vəkilin iştirakına xitam verilməsini Sadıqov haqqında ev dustaqlığı qərarının şərtləriylə əsaslandırıb

Vəkil Elçin Sadıqov “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) sabiq rəhbəri Rasim Məmmədovun hüquqlarının müdafiəsindən uzaqlaşdırılıb. Oktyabrın 14-də Məmmədovun işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsində buna qərar verilib.

Hakim Leyla Əsgərova-Məmmədova bu prosesdə vəkilin iştirakına xitam verilməsini Sadıqov haqqında ev dustaqlığı qərarının şərtləriylə əsaslandırıb.

Sadıqovun həbsdən ev dustaqlığına buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin şərtlərindən biri budur ki, o, barəsindəki cinayət işi üzrə prosesin iştirakçılarıyla ünsiyyətdə ola bilməz.

Buna da bax: Almaniyadan gələn Anar Əliyevin həbsdə aclıq aksiyası keçirdiyi deyilir

“Elçin Sadıqovu DTX-da mənim yanıma buraxırlar”

Hakim bildirib ki, “Baku Steel Company”nin keçmiş rəhbəri də Sadıqovun ittiham olunduğu cinayət işi üzrə iştirakçılardandır. Hətta sentyabrda məhkəməyə Baş Prokurorluqdan sorğu göndərilib ki, Məmmədovun həmin cinayət işi üzrə istintaq prosesində iştirakına icazə verilsin. Məhkəmə də buna icazə verib.

Məsələyə münasibət bildirən Məmmədov deyib ki, Sadıqovun müdafiəçi kimi məhkəmədə iştirakını istəyir.

“Elçin Sadıqovu DTX-da mənim yanıma buraxırlar, görüşürük”, – Məmmədov belə deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Həbsdən buraxılan vəkil Elçin Sadıqov: Qərar belədir ki, mən Bakıdan kənara çıxa bilmərəm...

“Rasim Məmmədov həmin işdə şahiddir”

Sadıqov vəkili olduğu Məmmədovun işi üzrə oktyabrın 10-u və 14-də keçirilən məhkəmə iclaslarına buraxılmayıb.

Elçin Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, sifarişlə verildiyini bildirib:

“Rasim Məmmədov mənim barəmdə saxta və siyasi sifarişlə başlanmış cinayət işi üzrə Cinayət Prosessual Məcəllənin istinad edilən maddəsinin əhatəsinə düşmür. Rasim Məmmədov həmin işdə şahiddir. Şahid cinayət prosesi iştirakçısı deyil. Bu qərar qanunsuz və əsassız olmaqla, həm də siyasi sifarişlidir. Mənim vəkillik fəaliyyətimin qarşısını almaq üçün edilib”.

Buna da bax: Azərbaycan hökuməti müxalifətçilərə görə təzminat ödəyəcək

Xatırlatma

“Xural TV” internet kanalının rəhbəri Əvəz Zeynallının Rasim Məmmədovun ailəsindən rüşvət alması ittihamıyla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri də Elçin Sadıqovdur.

O, bu ittihamla sentyabrın 10-da həbs edilib. Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi onun barəsindəki həbs qətimkan tədbirini ev dustaqlığıyla əvəzləyib.

Sadıqov 2021-ci ilin yanvarında Məmmədov həbs olunandan onun vəkili idi.

Rüşvət almağa vasitəçilikdə ittiham olunan Sadıqov özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. O, ictimai-siyasi fəallara vəkillik etdiyinə görə cəzalandırıldığını düşünür.

Zeynallı da siyasi sifarişlə həbs olunduğunu deyir.

Buna da bax: Türkiyənin yeni media qanunu tənqid olunur