Əli Kərimlinin mühafizəçisi həbs edilib

Kənan Zeynalov

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçi Kənan Zeynalovun oktyabrın 5-də inzibati qaydada həbs olunduğu bildirilir.

Partiyadan AzadlıqRadiosuna deyilib ki, K.Zeynalovu əvvəl mülki geyimli şəxslər Suraxanı rayon 33-cü polis bölməsinə aparıblar, sonra isə o, Suraxanı rayon Məhkəməsinə göndərilib: "Kənan bəyi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda təqsirli biliblər və ona 25 sutka həbs cəzası verilib".

AXCP-dən hesab edirlər ki, K.Zeynalovun həbsi siyasi motivlidir və onun fəaliyyəti ilə bağlıdır.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Suraxanı rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AXCP sədrinin başqa bir mühafizəçi Niyaməddin Əhmədov isə terroru maliyyələşdirmə və başqa ittihamlarla 13 il həbs alıb. Partiya ona qarşı ittihamları da siyasi sayır.

AXCP-nin hazırda beşə qədər üzvü müxtəlif ittihamlarla həbsdə saxlanılır.