Vəkil: ‘Zamin Salayevin bədənində yaralar əmələ gəlib…’

Zamin Salayev

Həbsdə 64 gündür aclıq aksiyası keçirdiyi deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin (Əlizamin) Salayevin vəziyyətinin ağırlaşdığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onunla bugün, aprelin 12-də Bakı İstintaq Təcridxanasında görüşən vəkil Fəxrəddin Mehdiyev danışıb.

Vəkilin sözlərinə görə, Salayev artıq gəzə bilmir və görüşə nəzarətçilərin köməyi ilə gəlib:

"Güclü başgicəllənmələri var, bədənində yaralar əmələ gəlib. O, həddindən artıq arıqlayıb".

Vəkil əlavə edib ki, bunlara baxmayaraq Salayev hələ də sanitar hissəyə keçirilməyib.

Fəxrəddin Mehdiyevin sözlərinə görə, Zamin Salayev ona aclığı davam etdirmək niyyətində olduğunu deyib.

Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma bundan əvvəl xidmətdən “Amerikanın səsi”nə bildirmişdilər ki, əgər şikayət varsa onlara bildirilə bilər.

Bu il fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb.

Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.

Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. O, ittihamı qəbul etmir, şərləndiyini açıqlayıb və həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

Buna da bax: Saatlıda su aksiyasında saxlanan təqib olunduğunu deyir [Video]

Xatırlatma

AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev bundan əvvəl də bir neçə dəfə həbs olunub.

Bunların əksəriyyəti polisə müqavimət ittihamı ilə inzibati həbs olsa da, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsində onun haqqında 2 il 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

O, həmin vaxt Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtanatma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib.

Salayev həmin həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adı çəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı.

Həmin videoda cəbhəçi Əzizovu rayonda yaşayan bir qadına təcavüzdə ittiham edirdi. Polis əməkdaşı isə Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etdi.

Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib.

O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da Amnistiya Aktı ilə əlaqədar azadlığa çıxmışdı.