Ərdoğan: Ukrayna NATO-ya üzv olmağa layiqdir

Ərdoğan və Zelenski, istanbul, 7 iyul 2023

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana görə, Ukrayna NATO-ya üzv olmağa layiqdir. O bu sözləri Türkiyədə səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra birgə keçirilən mətbuat konfransında deyib.

“Ukrayna, şübhəsiz ki, NATO üzvü olmağa layiqdir” Ərdoğan bildirib.

Buna da bax: Təhqiqatçılar Priqojinin 20 milyard dollarlıq aktivlərini aşkar ediblər

Associated Press-in yazdığına görə, Litvada keçiriləcək növbəti sammitdə alyans liderlərinin “Ukraynanın nəvaxtsa bir gün NATO-ya daxil olacağını” təsdiqləmələri gözlənilir.

İki prezidentin görüşü zamanı Ərdoğan iyulun 17-də başa çatan taxıl müqaviləsinə də toxunub. O müddətin uzadılması ilə bağlı işlərin getdiyini deyib.

Ərdoğan bu məsələnin avqustda Rusiya prezidentinin Türkiyəyə gözlənilən səfərində əsas məsələlərdən biri olacağını deyib.

“Ümid edirik ki, sövdələşmə iki aydan bir deyil, ən azı üç aydan bir uzadılacaq”, – Ərdoğan əlavə edib.

Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl müqaviləsinin uzadılması üçün “de-fakto” heç bir şansın olmadığını deyib. O, bunu “çünki bizə vəd edilənlər yerinə yetirilməyib” lə əlaqələndirib.

Prezidentlər arasında müzakirə olunan digər məsələnin ukraynalı əsirlərin mübadiləsi ilə bağlı olduğu bildirilir. “Biz məhbuslarımızın, siyasi məhbuslarımızın, Krım tatarlarının geri qaytarılması üzərində işləyirik”, - deyə Zelenski bildirib.

Buna da bax: Rusiya büdcəsinin neft-qaz gəlirləri 47 faiz azalıb

Reuters yazır ki, Ərdoğan bunu Putinlə planlaşdırılan görüşdən əvvəl də telefonla müzakirə edə biləcəyini qeyd edib.

Hər iki lider birgə layihələr, o cümlədən müdafiə layihələri barədə də danışıblar.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından bu yana Türkiyə Ukrayna və Rusiya ilə əlaqə saxlayır və tez-tez vasitəçi kimi çıxış edir.