Ermənistan parlamentində 'Qarabağı siz verdiniz' ittihamları

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistan parlamentində mübahisə: "Qarabağı satmısız"

Oktyabrın 3-də Ermənistan Milli Assambleyasının növbəti dördgünlük sessiyası başlanıb. AzadlıqRadiosunun erməni xidməti iclasın gərgin mühitdə keçdiyini yazır. Müxalifətdən və hakim partiyadan deputatlar bir-birini Qarabağa xəyanət, kapitulyasiya və onun təslim edilməsində suçlayırlar.

"Hayastan" müxalifət fraksiyasından Artsvik Minasyan hökuməti "millətin məhvi"nə aparan siyasət yürütməkdə ittiham edib. O deyib ki, iclasın əvvəlində parlamentin hakim partiyanı təmsil edən rəhbərliyi heç həlak olanların xatirəsini yad etməyi gərəkli saymayıb.

Buna da bax: Ermənistan Moskvanın xəbərdarlığına baxmayaraq, Roma statutunu qəbul etdi

"O müttəfiq indi haradadır?"

Hakim "Mülki müqavilə" partiyasından Vaaqn Aleksanyan cavabında ittihamları düzgün ünvana yönləndirməyi məsləhət görüb.

"Sizin Artsaxda (Qarabağ) hakimiyyəti ələ keçirəndə necə eyforiyada olduğunuzu elə bilirsiniz xatırlamırıq? Sizin həmkar deyirdi: "Bu hakimiyyət dəyişikliyi ilə sübut elədik ki, Dağlıq Qarabağın Rusiyanın timsalında bir güclü müttəfiqi var?". O müttəfiq indi haradadır? Siz deyirdiniz, "bundan sonra Dağlıq Qarabağda hakimiyyət patriotlara məxsusdur". Hansı patriotlara? Dağlıq Qarabağın ləğvi barədə sərəncam imzalayanlara? Tariximizdə nə qədər kapitulyasiya olubsa, sizin partiyanızın boynuna düşür, cənab Minasyan", – Aleksanyan "Daşnaksutyun" partiyasından müxalifət deputatına deyib.

"Şərəfim var" müxalifət fraksiyasının rəhbəri Ayk Mamicanyan isə Baş nazir Nikol Paşinyanı Qarabağın verilməsini Praqada rəsmiləşdirdiyini, Qarabağın Azərbaycanın tərkib hissəsi elan etdiyini bildirib.

Buna da bax: Azərbaycanın reinteqrasiya planı haqda Yerevanda nə düşünürlər?
  • 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
  • Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.
  • Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Erməni əhaliyə Azərbaycan hakimiyyətinin qarantiyaları barədə düşünmək, tərk edilmiş evlərinə qayıtmağı nəzərdən keçirmək təklif olunub.