Facebook vasitəsilə iş axtarmaq mümkün olacaq

Facebook. İllüstrasiya

Facebook özünün işaxtarmaq funksiyasının miqyasını genişləndirir.

Hazırda ABŞ və Kanadada Facebook vasitəsilə iş axtarmaq, iş intervüləri razılaşdırmaq mümkündür.

Facebook bu xidməti daha 40 ölkədə tətbiq etməyi düşünür. İndilik açıqlanan məlumat odur ki, tezliklə bu funksiyadan Böyük Britaniya, İspaniya və Braziliyada istifadə etmək mümkün olacaq.

Facebook istifadəçilərə iş elanları post etmək imkanı verəcək. Əgər siz hansısa spesifik sahədə iş axtarırsınızsa, bununla bağlı Facebook-da "alert" qoya biləcəksiz ki, hansısa şirkətə belə bir işçi lazım olanda sizin də xəbəriniz olsun.

Hələ ki belə bir xidmətin Azərbaycanda da əlyetərli olub-olmayacağı bilinmir.

ABŞ və Kanadada bu yenilik tətbiq olunandan bəri yetərincə populyarlaşıb.

Bunu Facebook-un vitse-prezidenti Alex Himel deyir.

Onun bildirdiyinə görə, 5000 nəfər arasında keçirilmiş sorğu göstərib ki, hər dörd nəfərdən biri Facebook vasitəsilə iş axtarıb.

Buna da bax: Telefonun batareyasını 'öldürən' 5 səbəb

CB Insights araşdırma şirkətindən Marcelo Ballvé CNN-ə deyib ki, Facebook-un yeni funksiyasının populyarlaşması hazırda Linkedin-in dominant olduğu bazara yeni oyunçunun daxil olması deməkdir.

Onun sözlərinə görə, Facebook Linkedin üçün ciddi rəqibə çevrilər bilər - əgər Facebook-a yenicə qoşulan yeniyetmələr məhz bu sosial şəbəkə vasitəsilə iş axtarıb taparlarsa.

Amma məsələnin digər tərəfi də var. Əgər Linkedin-də insanlar sırf öz peşələri ilə bağlı informasiyanı bölüşürlərsə, Facebook-da daha çox şəxsi həyatla bağlı informasiyalar paylaşılır.

Kimisə işə götürmək istəyən şirkət həmin adamın prifilinə asanlıqla baxa və bunun əsasında qərar verə biləcək.

Belə olduqda 3 il əvvəl paylaşdığınız hansısa axmaq post sizə problem də yarada bilər.

Bütün hallarda insanların peşəkar və şəxsi həyatları arasında sərhədlər getdikcə daha çox pozulacaq.