“Formula 1”ə görə bankların iş vaxtı uzanır

►Banklar saat 09:00-dan 21:00-dək fasiləsiz işləməlidir

Bankların paytaxtın mərkəzində yerləşən filialları iyunun 10-dan 21-dək (istirahət günləri də daxil olmaqla) işləməli olacaqlar.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bununla bağlı ölkənin kommersiya banklarına müraciət etdiyi bildirilir.

Report-un xəbərinə görə, banklar qeyd olunan günlərdə fasiləsiz işləyəcək filialların siyahısını müəyyən etməlidir.

Üstəlik, filialların iş vaxtının saat 09:00-dan 21:00-dək müəyyən edildiyi qeyd edilir.

Bu addım iyunun 17-19-da Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-Prisinin keçirilməsi ilə izah edilir.

Yarışları izləməyə gələnlərin valyuta mübadiləsi əməliyyatlarına tələbatı artıracağı güman olunur.

Ötən il dekabrın 21-də baş verən devalvasiyadan sonra Bakıdakı valyuta mübadiləsi məntəqələrinin bir çoxu bağlanıb. Müştərilər əsasən bank filiallarında pullarını dəyişirlər.

Buna görə Novruz bayramı zamanı Bakıya gələn turistlər pul dəyişməkdə çətinliklərlə üzləşmişdilər.