Makron parlamenti buraxır

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edir

Fransa prezidenti Emmanuel Makron ölkə parlamentinin aşağı palatası - Milli Assambleyanı buraxıb. O, Fransada "Milli Birlik"dən olan sağçı populistlərin inamlı qələbə qazandığı Avropa Parlamentinə seçkilərin ilkin nəticələrinə belə reaksiya verib.

Parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

29 yaşlı Jordan Bardellanın rəhbərlik etdiyi Marin Le Pen tərəfdarları partiyası, ekzitpollara görə, Avropa Parlamentinə seçkilərdə Makron tərəfdarlarını iki dəfədən çox qabaqlayıb. Bardella bundan əvvəl Makronu Milli Assambleyanı buraxmağa və yeni seçkilər təyin etməyə çağırmışdı. Üçüncü yerdə sosialist koalisiyasıdır. İfrat sağçı "Rekonkista" partiyası da uğur qazanıb.

Makron çıxışında sağçıların uğuruna heç nə olmamış kimi reaksiya verə bilməyəcəyini bildirib. "Səsvermə ilə sizə yenidən seçim etmək imkanı vermək qərarına gəldim", - prezident bildirib. Onun sözlərinə görə, "millətçilərin və demaqoqların yüksəlişi millətimiz, Avropamız, Fransanın Avropa və dünyada tutduğu yer üçün təhlükə yaradır". "Demokratiyamıza əminəm: qoy suveren xalq öz sözünü desin", - o əlavə edib.

Parlamentin hazırkı çağırışında Makron tərəfdarları çoxluğa malik deyillər, lakin sağ və sol mərkəzçilərin bir hissəsinin dəstəyi sayəsində hökumət qura biliblər. "Milli Birlik" ən böyük müxalifət fraksiyasıdır. Beşinci Respublika tarixində elə hallar olub ki, parlament seçkilərinin nəticələrinə görə prezident öz siyasi rəqibini baş nazir təyin etməli olub. O cümlədən Fransua Mitteranın dövründə hökumətə bir müddət Jak Şirak rəhbərlik edib.

Bütövlükdə Avropa Parlamentinə seçkilərdə sağ mərkəzçi Avropa Xalq Partiyası liderlik edir. Makron tərəfdarlarının daxil olduğu "Avropanın Yenilənməsi" partiyası, görünür, Avropa Parlamentində bir neçə yer itirəcək, ifrat sağçılar isə, əksinə, güclənəcək.