Gürcüstanın Aİ-yə yolu çoxmu uzaqdır

Gürcüstanda Aİ-yə dəstək yürüşü, iyul, 2022-ci il

2022-ci ildə Avropa İttifaqı (Aİ) Ukrayna, Gürcüstan və Moldovanın bloka qoşulması yolunda görünməmiş addım ataraq onlara “Avropa perspektivi” təqdim etdi. Rusiya fevralda Ukraynaya tammiqyaslı müharibəyə başlayandan sonra bu üç ölkə bloka üzvlük üçün rəsmi müraciət etmişdi. Brüssel üçlüyün bir gün klub üzvləri ola biləcəyini açıqladı. Ukrayna və Moldova namizəd statusu alsalar da, Gürcüstana potensial namizəd adı verildi.

AzadAvropa/AzadlıqRadiosunun əməkdaşı Rikar Cozviak yazır ki, üçlük hazırda Brüsselin tövsiyələrini can-başla yerinə yetirir, özəlliklə də ədliyyə sahəsində. Avropa Komissiyasının bu yaz aralıq dəyərləndirməsi müsbət, payıza gözlənən genişlənmə hesabatları da ürəkləndirici ola bilər. Ancaq Komissiyanın Kiyev və Kişinau ilə üzvlük danışıqlarına başlamağı, yaxud Gürcüstan üçün namizəd statusu tövsiyə edəcəyini söyləmək üçün tezdir.

Sonucda dekabrda bu addımdan ötrü Aİ-nin 27 üzvünün dəstəyi gərəkəcək. Bu çətin iş kimi görünə də bilər, ancaq hazırda Avropada sürətlə dəyişən siyasi mühiti nəzərə alanda tamamilə xəyali də sayılmaya bilər, məqalədə deyilir.

Buna da bax: Aİ və NATO arasında strateji partnyorluq bəyannaməsi imzalanıb

32 sahə üzrə “ev tapşırığı”

Yanvarda Avropa Komissiyasının Gürcüstan, Moldova və Ukraynaya dair rəyinin ikinci hissəsi dərc olunacaq. İyunda yayılanlar siyasi kriteriyalar idisə, yanvara gözlənən “bürokratik qalıqlar” sayılır. Bu əslində, üç ölkənin Aİ üzvlüyü yolunda görməli olduğu “ev tapşırığıdır”.

AzadlıqRadiosunun gördüyü sənəd layihəsində 32 siyasi sahə təhlil edilir, bir ölkənin qanunvericiliyinin Aİ qanunlarına uyğunluğu araşdırılır. Hər bölümdə də vəziyyət beş mərhələ üzrə dəyərləndirilir: “ilkin mərhələ”, “müəyyən hazırlıq səviyyəsi”, “orta yaxşı hazırlıqlı”, “yaxşı hazırlıq səviyyəsi”, “yaxşı irəliləmiş” durum.

Cozviak yazır ki, üç ölkədən heç biri 32 sahənin heç birində “yaxşı irəliləmiş” durumda deyil. Ukrayna iki bölümdə yuxarıdan ikinci dəyərləndirməyə – “yaxşı hazırlıq səviyyəsinə” çatıb. Hər ikisi xarici siyasətə aiddir. Gürcüstan və Moldovanın isə hərəsinin bir sahə üzrə bu qiyməti alacağı gözlənir.

Ukraynada əksər sahələrin durumunun “müəyyən hazırlıq səviyyəsi”ndə olduğu qeyd edilir. Moldovada isə vəziyyət daha pisdir, 16 sahə ən aşağı “ilkin mərhələ” kateqoriyasına salınıb.

Buna da bax: Aİ Kosovoya vizasız giriş verərsə...

Gürcüstanın fərqi

Digər iki ölkədən fərqli olaraq namizəd ölkə sayılmayan Gürcüstanın isə 8 sahə üzrə “orta yaxşı hazırlıqlı” qiyməti alacağı gözlənir və bu, Ukrayna və Moldovayla müqayisədə böyük göstəricidir.

Bunun ən aşkar izahı odur ki, Gürcüstan iqtisadi və maliyyə sahələrində yaxşı irəliləyir, son onillikdə hökumətlər iqtisadiyyatı qərbə yaxınlaşdırmağa çalışıb.

Ukraynada və Moldovada vəziyyət belə deyil. Yaxud Gürcüstanın yaxşı administrativ və bürokratik qabiliyyəti Moldovada müşahidə olunmur.

Ancaq bir daha vurğulamaq lazımdır ki, yanvarda dərci gözlənən sənəd ümumi rəyin ikinci hissəsidir. Birincidə – ədliyyə və fundamental hüquqlar hissəsində Gürcüstan üçüncü olub. Yəni, Tbilisi bir çox sahələrdə Aİ qanunlarına yaxınlaşmadan ürəklənsə belə, Brüsselə gedən yolda hələ də digər iki ölkədən geri qalır.

Buna da bax: Ukrayna üçün Aİ-yə ‘kəsə yol yoxdur’

İllərlə çəkən proses

Cozviak bu yolun uzun olacağını yazır. Kiyev və Kişinaudakı hökumətlər qanunvericilikdə islahat aparıb onu Aİ-yə uyğunlaşdırmaq üçün nəhəng siyasi iradəyə malik ola bilərlər. Ancaq danışıqlara başlamaqdan ötrü tələb olunan şeylərin çoxunun həyata keçirilməsi illərlə çəkə bilər.

Bundan başqa, Aİ üzvlərinin bu ölkələri qəbul etmək istəyinin də azalması mümkündür. Üzvlük danışıqlarının açılması və bağlanması üçün onların hər biri yaşıl işıq yandırmalıdır. Onlar isə çox vaxt namizəd ölkələrdəki vəziyyətdən çox daxili auditoriyanı, siyasi partiyalarının səs sayını düşünürlər.

Bu arada Aİ-nin genişlənmə kampaniyasının “pionerləri” Qərbi Balkanları, Monteneqro və Serbiyanı yada salmaq vacibdir. On ildən çoxdur bir qisim işləri tamamlaya biliblər, kluba qoşulmaq şansları isə bir neçə dəfə əldən çıxıb.