Keçmiş hakim həbs edilib

İllüstrativ foto

Bu barədə Baş Prokurorluq bugün, iyulun 26-da  məlumat yayıb

Azərbaycanda keçmiş hakim həns edilib.

Bu barədə Baş Prokurorluq bugün, iyulun 26-da məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilmiş qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər pozuntulara yol verilməsi ilə bağlı material üzrə istintaq aparılır:

“2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudovun mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət tələb edərək almasına, bununla əlaqədar bilə-bilə 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var”.

Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə də şübhələr yarandığı açıqlanıb:

“İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə,… çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.”

Amma ittihama, hələlik, keçmiş hakim və onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Keçmiş hakimin ittiham edildiyi həmin maddələr üzrə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İlyas Mahmudov kimdir?

2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.Onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsininə səbəb kimi qanunvericiliyin tələblərini pozması göstərilib.Amma həmin vaxt ondan bu sərəncama münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, sabiq hakimlə bağlı üç il, prokurorluqda araşdırmalar gedib.

“Mahmudov hələ hakim işlədiyi müddətdə onunla bağlı Məhkəmə-Hüquq Şurasına şikayətlər göndərilib. Sonradan həmin şikayətlər araşdırılması üçün prokurorluğa yönləndirildi. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu məsələlər təxminən 2019-cu ildən araşdırılır”, - mənbə AzadlıqRadiosu-na deyib.

Bəzi saytlarda yer alan yazılara görə, keçmiş hakimin Sumqayit şəhər rəhbərliyi ilə də yaxşı münasibətləri olmayıb.

Amma bu fikirlərə də tərəflərdən hər hansı münasibət öyrənmək mümkün olmayıb.

İlyas Mahmudov 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1993-cü ildən 2008-ci ilə kimi Ali Məhkəmədə çalışıb.

O, 2007-2008-ci illərdə Ali Məhkəmədə Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdir müavini vəzifəsini tutub.

2008-ci ildən isə Sumqayıt şəhər Məhkəməsinin hakimi olub.