Karantinə görə 45 nəfər həbs edilib

Polis

2020-ci ilin martından indiyə kimi Azərbaycanda karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaq ittihamı ilə 1 min 186 cinayət işi üzrə 605 nəfər məsuliyyətə cəlb olunub.

Bu barədə yayılan məlumatı Daxili İşlər Nazirliyindən "Turan"a da təsdiqləyiblər.

Bildirildiyinə görə, həmin cinayət işləri üzrə məhkəmələr 45 nəfəri həbs edib, 58 nəfər polisin nəzarəti altına verilib, qalan 502 nəfər barəsində digər qətimkan tədbirləri seçilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Koronavirusla bağlı ötən ilin martından Azərbaycanda da karantin rejimi hökm sürür. Açıqlamaya görə, bu gün, noyabrın 23-nə kimi ölkədə ümumilikdə 574 min 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 min 494-ü sağalıb, 7 min 657-si vəfat edib, aktiv xəstə sayı 27 min 648-ə düşüb.