KTMT Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialını yüksək sayır

KTMT-nin baş katibi Stanislav Zas Ermənistanın sərhəd Vayots Dzor bölgəsində. 2022

Azərbaycan MN: Təxribatın qarşısı alınıb

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələri fevralın 14-də kvadrokopterlə onun Kəlbəcər rayonu istiqamətdə mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Nazirliyin vurğulamasına görə, "pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb".

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

+++

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialını yüksək olduğunu, normallaşma üçün sülh sazişinin gərəkdiyini bildirir. Bunu qurumun Birləşmiş qərargah rəisi Andrey Serdyukov deyib.

"Ayrı-ayrı dövlətlərin Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək, Xəzərin resurslarına çıxış əldə etmək, özləri üçün Orta Asiyaya birbaşa çıxış təmin etmək səyləri qeydə alınır. Bu məqsədlə Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialından da fəal istifadə olunur. Vəziyyətin gələcək tənzimlənməsində sülh sazişinin bağlanması vacib əhəmiyyət kəsb edir", - Serdyukov vurğulayıb.

Onun sözlərinə görə, Qərb Bakı və Yerevan arasında postmünaqişə tənzimləməsinə təsir göstərməyə çalışır, baxmayaraq ki, Ermənistan KTMT üzvüdür.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də deyib ki, Qərb ölkələri Moskva, Bakı və Yerevan arasında üçtərəfli razılaşmaların reallaşdırılmasına imkan vermək istəmirlər. Onun iddiasına görə, Aİ və ABŞ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını Rusiyanın iştirakı olmadan, özləri təşkil etmək istəyirlər.

Buna da bax: Borrel sərhəd atışmasını pisləyir. XİN cavab verir

ABŞ Azərbaycanla Ermənistan arasında son toqquşmalardan narahatdır

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) fevralın 13-də Vaşinqtonda keçirdiyi brifinqdə bildirib ki, ölkəsi Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmalar barədə məlumatlardan narahatdır.

"Biz həlak olanların və yaralananların ailələrinə başsağlığı veririk. Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhə aparan yeganə yol danışıqlar masası arxasındadır", - Miller vəziyyəti "Turan"ın müxbirinə şərh edərkən deyib.

"Atəşkəs rejiminin hər hansı pozuntusu araşdırılmalı və lazımi şəkildə həll edilməlidir. ABŞ dövlət katibinin daim vurğuladığı kimi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir", - Miller qeyd edib.

Paşinyanın müavini atışmadan danışıb

"Bizim tərəfdən dörd hərbçi həlak olub. Onlardan biri insultdan ölüb. Yaralılar var. Hazırda təfərrüatlar araşdırılır".

Bunu Milli Məclisdə jurnalistlərin suallarına cavab verərkən Qaqik Melkonyan deyib.

Müdafiə nazirinin keçmiş müavini, hazırda hakim "Vətəndaş müqaviləsi" partiyasında Nikol Paşinyanın müavini olan Melkonyan daha sonra bildirib: "Bu təxribata nəyin səbəb olmasının aşkar edilməsi üçün xidməti araşdırma aparılır. Mənə belə gəlir ki, hər şey aydınlaşacaq və biz tezliklə ilkin səbəbi, atəşin kim tərəfindən və hansı formada açıldığını biləcəyik".

Melkonyan baş vermiş insidentin İlham Əliyevin təkrar prezident seçilməsi ilə bağlı ola biləcəyini də iddia edib. O deyib ki, Əliyevi bir çox ölkələr, o cümlədən Ermənistanla yaxşı münasibəti olanlar, Avropa ölkələri və Rusiya təbrik ediblər: "İstisna olunmur ki, təxribatlar başqa sahələrdə də olacaq. Hazırda bütün ərazilərdə nisbi dinclikdir. Hər şey olduğu kimi qalıb, dəyişiklik yoxdur. Bu təxribat yalnız Nerkin Andda baş verib. Biz həmişə hazır olmalıyıq".

Buna da bax: Paşinyan deyir ki, Azərbaycanın sülh niyyəti yoxdur

***

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulması ilə bağlı narahatlığını fevralın 13-də X platformasında paylaşıb: "Ermənistan-Azərbaycan sərhədində baş vermiş atışmadan narahatam. Hər iki tərəfi gücdən istifadədən çəkinməyə çağırıram. Davamlı sülhün yeganə yolu yalnız dialoqdur".

Ermənistan sərhəddə dörd hərbçisinin öldürüldüyünü xəbər verir

Dövlət Sərhəd Xidməti (DSX) fevralın 13-də Ermənistan silahlı qüvvələrinin "dünən törətdikləri təxribata cavab olaraq" "qisas" əməliyyatı keçirdiyini bildirir. Ermənistan ordusunun Sünik rayonunun Nerkin And yaşayış məntəqəsi yaxınlığındakı döyüş postunun məhv edildiyi açıqlanıb.

+++

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə qarşı tərəfin atəşindən dörd hərbçisinin öldürüldüyünü, birinin yaralandığını bildirir. Ermənistan fevralın 13-də səhər 5:30-dan başlayaraq cənubdakı Sünik rayonunun Nerkin And kəndi ərazisindəki mövqelərinin atəşə tutulduğunu bildirib.

Hazırda ərazidə vəziyyətin gərgin olduğu xəbər verilir.

Bir gün öncə Azərbaycan Ermənistanı sərhədin başqa bir hissəsində-Zəngilan rayonundakı mövqelərinə atəş açmaqda, bir sərhədçisini yaralamaqda ittiham edib. Yerevan həmin hadisənin araşdırılacağını bildirib.

Azərbaycan MN həmçinin fevralın 12-də axşam və gecə saatlarında Tovuz rayonundakı mövqelərinin atəşə tutulduğunu açıqlayıb.

Ermənistan MN isə bu məlumatın həqiqətəuyğun olmadığını bildirib.

+++

Azərbaycan 19-20 sentyabr hərbi əməliyyatı ilə Qarabağa nəzarəti tam bərpa edəndən sonra iki ölkə arasında sərhəd insidentləri kəskin azalıb. Son iki ayda tərəflərdən heç biri sərhəddə atışma barədə məlumat yaymayıb.

Tərəflər sülh sazişini imzalamağa hazır olduğunu bildirir, ancaq bir-birini prosesi ləngitməkdə ittiham edir.

Prezident İlham Əliyev 7 fevral növbədənkənar prezident seçkisindən sonra Avropa İttifaqının vasitəçiliyi ilə danışıqların Brüssel formatını dəstəklədiyini bildirib. Sentyabr əməliyyatından sonra Qərbin vasitəçiliyi ilə danışıqlar alınmayıb. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov isə "İzvestiya" qəzetinə müsahibəsində deyib ki, Moskva sülh prosesinin tamamlanmasına platforma verməyə hazırdır. O, Ermənistanı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında nəqliyyat dəhlizinin qurulması üzrə danışıqları ləngitməkdə ittiham edib.

Buna da bax: Səfir: Rusiyaya sanksiyalar onun Azərbaycanla münasibətlərinə töhfə verib

Ermənistan sərhəddə atəş xəbərini araşdırır

Ermənistan-Azərbaycan sərhədinin Qafan-Zəngilan sektorunda Ermənistan sərhədçilərinin atəş açmasına dair Azərbaycan mediasında yayılan məlumatlar araşdırılır.

Bunu Ermənistan Müdafiə Nazirliyi və Hərbi Polisi bəyan edib: "Hərbi qulluqçular vəziyyəti qiymətləndirərkən atəş açmalı olduqları vaxt, bu, yüksək komandanlığın yazılı əmri ilə aydın şəkildə ifadə olunur. İlkin məlumata görə, fevralın 12-də bu ərazidə belə bir hal olmayıb. Əgər bu məlumat təsdiq olunsa, əmri pozanlar məsuliyyətə cəlb olunacaqlar".

***

Azərbaycan Ermənistan tərəfindən sərhəddə atəşkəsin pozulduğunu bildirir.

AZƏRTAC-ın məlumatına görə, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Zəngilan rayonunun Kollu Qışlaq kəndi ərazisindəki mövqeləri atəşə tutulub: "Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb... Qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb".

Buna da bax: Aİ səfiri XİN-ə çağrılıb. Ona Ermənistandakı mülki missiya ilə bağlı narahatlıq çatdırılıb

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ( 10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Hələlik, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamayıb. Danışıqlar həm Rusiyanın, həm də Avropa İttifaqı Şurasının ayrılıqda vasitəçiliyi ilə aparılır.