İran Haniyənin qətlinə cavab zərbəsinin zaman alacağını deyir

Tehran Universitetində keçirilən mitinqdə insanlar Fələstin bayraqları və sui-qəsd nəticəsində öldürülən HƏMAS rəhbəri İsmayıl Haniyənin portretini qaldırırlar.

İran bildirir ki, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda qətlinə cavab zərbəsi zaman ala bilər.

Tehran İsrailə cavab zərbəsi vuracağını deyəndən dünya gərginlik içindədir. İran Haniyənin qətlində İsraili ittiham edir. Ekspertlər bu addımın regionu tammiqyaslı müharibəyə sürükləyə biləcəyini deyirlər.

İsrail hücumda rolunu nə təsdiq, nə də inkar edib. Amma HƏMAS oktyabrın 7-də İsrail ərazisinə girərək 1200 nəfəri qətlə yetirəndən sonra qruplaşma liderlərini qətlə yetirəcəyini bildirib. Hücum zamanı 250-dək insan girov götürülüb, onların bir qismi sonradan azad olunub.

İranın ali dini lideri Əli Xamenei bildirib ki, "qonağın qisasını almaq İranın boynuna düşür".

"Zaman bizim xeyrimizə işləyir, bu cavabın gözləmə müddəti çox çəkə bilər", – İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) sözçüsü Əli Məhəmməd Naini avqustun 20-də deyib. O əlavə edib ki, istənilən cavab keçmişdəki əməliyyatların təkrarı olmaya bilər.

Danışıqlar davam edir

62 yaşlı Haniyə iyulun 30-da İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılandan sonra öldürülüb.

Tehran Qərb ölkələrinin təmkin göstərməklə bağlı çağırışlarını rədd edib, İran ərazisində Haniyənin qətlinə görə cavab vermək üçün legitim hüququ olduğunu bildirib.

Bu arada Vaşinqton HƏMAS-la İsrail arasında müvəqqəti atəşkəsə, Qəzzada saxlanılan girovların azad olunması üzrə razılaşma əldə etməyə çalışır. ABŞ, İsrail, Qətər və Misir rəsmiləri danışıqların sonuncu raundunu aparırlar.

Naini İranın Haniyənin qətlinə görə necə reaksiya verəcəyini şərh etməyib, amma o, "keçmiş əməliyyatlar" deməklə Tehranın apreldəki hücumunu nəzərdə tuta bilər. O zaman Dəməşqdə İran konsulluğunun İsrail tərəfindən bombalandığı bildirildi, bundan sonra Tehran İsrailə azı 300 raket və dron yönəltdi. Amma bu hücum minimal ziyan vurub, bəzi təhlilçilərin fikrincə, məqsəd daha geniş münaqişədən yayınmaq olub.