Bayramov: 'İranla daha fəal münasibətlər gözlənilir'

İran - Məsud Pezeşkian

İranda yeni prezident vəzifəyə başladıqdan sonra İranla münasibətlərin daha fəal inkişaf edəcəyi gözlənilir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərlə söhbətində bildirib.

"İranda yeni prezident seçildi və Azərbaycan prezidenti onu təbrik etdi. Biz əvvəllər Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır: "İran bizim böyük qonşumuzdur. Ölkələrimiz arasında tarixi əlaqələr mövcuddur. Gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".

+++

İyulun 5-də İranda baş tutan prezident seçkilərinin ikinci turunun qalibi Məsud Pezeşkian olub.

Prezident seçkilərinin ikinci turunda mötədil islahatçı Məsud Pezeşkian və ultramühafizəkar sərt xətt tərəfdarı Səid Cəlili mübarizə aparıb.

İranın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Pezeşkian 53.7 faiz, Cəlili isə 44.3 faiz səs toplayıb.

Pezeşkian qələbədən sonra dövlət televiziyasında ilk çıxışında "Biz hamıya dostluq əlini uzadacağıq. Biz hamımız bu ölkənin insanlarıyıq. Biz hamımızdan ölkənin tərəqqisi üçün istifadə etməliyik" deyib.

69 yaşlı Pezeşkian ixtisasca həkim, ürək cərrah cərrahıdır, İranın keçmiş səhiyyə naziridir. Seçkilərə qədər isə İran parlamentinin Təbrizdən olan deputatı idi. 2016-cı ildə İran parlamentində "Türk bölgələri" fraksiyası yaradıb.

2022-ci ildə hicab qaydalarını pozmaqda suçlanaraq saxlanan Məhsa Əminin ölümünə görə İran hökumətini, məscidləri tənqid etmişdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Pezeşkian daxili və xarici problemləri həll edə biləcəkmi?

***

İyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir.

İyunun 28-də birinci turun qalibləri ultra-mühafizəkar Səid Cəlili və islahatçı deputat, etnik azərbaycanlı Məsud Pezeşkian olublar.

Birinci tura seçicilərin cəmi 40 faizi gedib ki, bu rekord aşağı göstərici ölkənin dini isteblişmentinin narahatlığına səbəb olub.

Ali dini lider Əli Xamenei iyulun 3-də etiraf edib ki, seçici fəallığı gözlənilən kimi olmayıb, ancaq o, seçici marağının olmamasının İran rəhbərliyinin qeyri-populyarlığını göstərdiyini danıb, səsverməni "çox vacib" adlandırıb.

"İslamı və islam respublikasını, ölkənin inkişafını sevənlər bunu seçkidə iştirakla göstərməlidirlər", - 85 yaşlı Xamenei söyləyib.

Boykot çağırışları

Rejimin sərt tənqidçiləri ikinci turun boykotuna çağırsalar da, bu çağırışların nə qədər geniş yayıldığı, iranlıların onlara əhəmiyyət verib-vermədiyi bəlli deyil.

İranda seçkilərə namizədlər sərt xətt tərəfdarı qurumların yoxlamasından keçərək buraxılır, bu qurumlar rejimə mümkün təhlükələri öncədən neytrallaşdırırlar.

Bu seçki Xameneinin yaşı baxımından əhəmiyyətlidir. Seçkinin qalibinin növbəti ali dini liderin seçimində potensial rolu ola bilər.

Rəsmi nəticələrə görə, Pezeşkian birinci turda səslərin 42.5, Cəlili isə 38.6 faizini yığıb.

Digər iki namizəd -- parlamentin spikeri Məhəmməd Bağer Qalibaf və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi 14 faizdən çox səs yığa bilməyib.

Tənqidçilər və dissidentlər əvvəlki seçkilər dəyişikliyə səbəb olmadığı üçün bu səsverməni boykot etməyə çağırırlar.

2020-ci ildən bəri İranda seçkilərdə seçici fəallığı azalıb. Bunu səbəbləri sırasında azadlıqların olmaması, ABŞ və digər sanksiyaların iqtisadiyyata mənfi təsiri göstərilir.

Rəisinin ölümündən sonra

İnsan haqları qrupları iddia edirlər ki, ultramühafizəkar prezident İbrahim Rəisi mayda Azərbaycandan qayıdarkən helikopter qəzasından öləndən sonra sosial mediadakı tənqidi səslərə təzyiqlər güclənib.

Qərbin qatı tənqidçisi olan Rəisi Xameneinin mümkün varisi sayılırdı.