İran Rusiyaya dronlar göndərdiyini ilk dəfə etiraf edib

Kiyev üzərində İrana mxsus olduğu bildirilən kamikadye dronu, 17 okyabr 2022

İran Rusiyanı "Şahed" pilotsuz uçuş aparatları (PUA) təmin etdiyini ilk dəfə etiraf edib. Bu barədə "Reuters" İranın xarici işlər naziri Hüseyn Abdollahiana istinadən məlumat yayıb.

Məlumata görə, nazir deyib ki, İran “az sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl çatdırıb.

Buna da bax: İran raketləri Rusiyanın dadına çatır: 'Fateh-110', 'Zolfağar'

O, İranın Rusiyaya əlavə silahlar tədarük edəcəyi ilə bağlı Qərb mediasında yayılan xəbərləri isə təkzib edib. Abdollahian əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibədə İran pilotsuz aparatlarından istifadə etdiyi sübut olunarsa Tehran buna “biganə qalmayacaq”.

Onun sözlərinə görə, İranla Ukrayna arasında bu cür sübutların təqdim edilməsi ilə bağlı razılaşma var.

"Rusiyanın Ukraynadakı müharibədə İranın PUA-larından istifadə etdiyi üzə çıxsa, biz bu məsələyə biganə qalmayacağıq. Bizim Ukraynadakı müharibə ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, müharibəyə son qoyulsun, tərəflər danışıqlara qayıtsın və qaçqınlar öz evlərinə dönsün".

Buna da bax: ABŞ: İranlılar Krımda Rusiya ordusuna birbaşa kömək edirlər 

Kiyev Moskvanı mülki hədəflərə hücum etmək üçün İran PUA-larından istifadə etməkdə ittiham edir. Ukrayna tərəfi ölkə ərazisində, o cümlədən Kiyev üzərində 300-dən çox İran istehsalı olan qurğunu vurmağa müvəffəq olduğunu bildirib. Dronların görüntülərini Ukrayna hərbçiləri ilə yanaşı adi sakinlər də dərc edib.

Məlumata görə, İran istehsalı olan dronlarla Ukraynaya hücumlar 2022-ci ilin payızında başlayıb.

Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə də Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalındakı canlı yayımda bunu etiraf edib. O, bunu deyəndə həmin anda mikrofonun söndürüldüyünü zənn edib.

Bundan əvvəl CNN İranın Rusiyaya silah tədarükünü artırdığını bildirib.

Nəşr ilin sonuna qədər Tehranın Moskvaya böyük bir silah partiyası çatdıra biləcəyini yazıb. Məlumatda o da vurğulanıb ki, İran Rusiyaya 1000-ə yaxın silah göndərməyi planlaşdırır ki, bunun 450-si hücum dronları, qalanları isə qısamənzilli yer-yer tipli ballistik raketlərdir.

Buna da bax: NATO Ukraynaya antidron sistemləri verəcək

Məlumatda paralel olaraq İranla Rusiya arasında iqtisadi əməkdaşlığın gücləndiyi də vurğulanır.

"Tasnim" agentliyinin məlumatına görə, oktyabrın əvvəlində İrandan Rusiyaya mal ixracı 70% artıb. 2022-ci ilin səkkiz ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi təxminən 40 faiz artıb. Hər iki tərəf bunun ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəticəsi olduğunu gizlətmir.