İran Telegram-dan istifadəni məhdudlaşdırır

İranın hakimiyyət orqanları yerli provayderlərə populyar mesajlaşma platforması Telegram-a xidmət göstərilməsi üçün verilmiş lisenziyanı ləğv edib.

İranın Telekommunikasiyalar İnfrastrukturu Şirkəti aprelin 26-da bildirib ki, lisenziyanın ləğvi barədə göstəriş ölkənin dövlət internet tənzimləyicisi - Ali Kiberfəza Şurası tərəfindən verilib.

Bəyanatda deyilir ki, bu qərar ölkə daxilində Telegram-dan istifadənin “keyfiyyətini” təsirləndirə bilər.

Bu da qeyd olunur ki, bundan sonra daxil olan trafik İranın “beynəlxalq” kommunikasiya kanallarından keçəcək.

Bundan bir qədər əvvəl İran hakimiyyət orqanları Telegram-ın milli təhlükəsizlik mülahizələri ilə bloklanacağını bildirmişdi. Telegram-ın İranda 40 milyon istifadəçisinin olduğu təxmin edilir.

İran hökuməti Telegram-ı artıq bir dəfə, ötən yanvarda ölkəni etiraz dalğası bürüyəndə müvəqqəti olaraq bağlamışdı.

Son həftələrdə İran hakimiyyət orqanları vətəndaşları Telegram-ın “yerli alternativlərindən” istifadəyə həvəsləndirməyə çalışırdı.

Ali Kiberfəza Şurasının rəhbəri Əbülhəsən Firuzabadi aprelin 25-də iddia edib ki, guya son həftələrdə Telegram-dan istifadə 27 faiz azalıb.

İranın bu addımından bir qədər əvvəl Rusiya Telegram-ın bloklanması barədə qərar qəbul etmişdi.

Bu ona görə baş vermişdi ki, Telegram-ın sahibi, əslən rusiyalı Pavel Durov aplikasiyanın kod açarlarını Federal Təhlükəsizlik Xidmətinə verməkdən imtina etmişdi.