Qəzzada atəşkəs və girovlarla bağlı danışıqlar bərpa oluna bilər

İsrail zərbəsindən sonra Rafahda tüstü qalxır

İsrailin "Mossad" kəşfiyyat xidmətinin başçısı David Barnea Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların bərpasından ötrü Qətərə gedir. Bunu danışıqlardan agah mənbə "Reuters"ə deyib.

Məlumata görə, Barnea Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşəcək. Məqsəd İsrailin ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS silah qruplaşması ilə danışıqlarını təşkil etməkdir.

Razılaşmaya "heç vaxt olmadığı kimi" yaxın

Bu arada Livanın "Hizbullah" qruplaşmasının lideri Seyid Həsən Nəsrullah ilə HƏMAS-ın liderlərindən Xəlil əl-Həyyanın Qəzza zolağında son baş verənləri və atəşkəs danışıqlarını müzakirə etdiyi bildirilir. Xəbəri Hizbullah yayıb.

Ötən ilin oktyabrında İsrail-HƏMAS müharibəsi başlanandan Livan-İsrail sərhədində "Hizbullah" ilə İsrail arasında paralel münaqişə gedir. Bu isə münaqişənin daha da genişlənəcəyi sarıdan qorxuları gücləndirir.

ABŞ administrasiyasının aparıcı rəsmisi isə iyulun 4-də bildirib ki, HƏMAS İsraillə potensial girov razılaşması ilə bağlı mövqeyində əhəmiyyətli dəyişiklik edib. Rəsmi ümidini bildirib ki, bu, daimi atəşkəsə doğru bir paktla nəticələnəcək.

Elə İsrailin müdafiə naziri Yoav Qalant da ölkəsinin girovların azadlığa buraxılması üçün razılaşmaya "heç vaxt olmadığı" kimi yaxın olduğunu deyib. Nazir girovların qohumları ilə qeyri-rəsmi görüşdə danışıb.

Bayden Netanyahu ilə danışıb

Ağ evin prezident Co Bayden ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon söhbəti barədə məlumatı da danışıqlarda proqres olduğunu dolayısı ilə təsdiqləyir. Məlumatda deyilir ki, liderlər HƏMAS-dan bu yaxınlarda alınmış təklifləri müzakirə ediblər.

Bundan öncə HƏMAS bildirmişdi ki, təşkilatın rəhbəri İsmayıl Haniyə misirli və qətərli vasitəçilərlə danışıqların yeni raundunu keçirib. Danışıqlar prosesinə Türkiyənin də qoşulduğu xəbər verilirdi. Bəzi məlumatlara görə, HƏMAS İsrailin ona qarşı müharibəni dayandırması tələbindən əl çəkib. Hazırda HƏMAS yalnız "daimi" atəşkəs istəyir. Netanyahunun isə müharibənin bəyan edilmiş hədəflərinin hamısına, o cümlədən HƏMAS-ın məhvinə nail olmaq tələbindən əl çəkmədiyi bildirilir.

Ötən ilin oktyabrında HƏMAS İsrailə hücum edərək 250 nəfəri girov götürüb, min 200-dən çox ölən olub. Girovların bir qismi sonradan azad olunub, bəziləri vəfat edib.

İsrailin bu hücumdan sonra Qəzzaya endirdiyi zərbələrdən isə azı 35 min nəfərin həlak olduğu xəbər verilir.