İsrail ordusunun başçısı HƏMAS-la müharibənin aylarla çəkəcəyini deyir

İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi Xan Yunisdə İsrail hərbçiləri ilə birlikdə.

İsrail ordusunun başçısı xəbərdarlıq edir ki, HƏMAS radikal qruplaşması ilə müharibə aylarla çəkəcək. HƏMAS-ı ABŞ və Aİ terrorçu qrup sayır.

Bu arada İsrail Qəzza zolağına zərbələri artırıb, indiyədək orada azı 20 min nəfərin öldürüldüyü bildirilir.

Bir tərəfdən, mühasirədə olan ərazidə humanitar böhran sarıda narahatlıq artır, əməliyyatların dayandırılması çağırışları səslənir. Digər tərəfdən, İranın dəstəklədiyi qruplarla əlaqələndirilən insidentlər daha geniş regional münaqişə qorxusu yaradır.

Birləşmiş Ştatlar dekabrın 26-da Qırmızı dəniz üzərində Yəməndəki husi üsyançıların atdığı dron və raketləri vurduğunu bildirib.

"Bu müharibənin vacib məqsədləri var"

İsrail ordusu dəfələrlə bəyan edib ki, HƏMAS darmadağın olunanadək əməliyyat davam edəcək. Ordunun başçısı Herzi Halevi müharibənin tezliklə bitməyəcəyini deyib.

"Bu müharibənin vacib məqsədləri var və onlara çatmaq asan deyil. Ona görə də müharibə aylarla çəkəcək", - Halevi dekabrın 26-da axşam söyləyib.

Müharibə HƏMAS radikal silahlılarının oktyabrın 7-də İsrailə hücumu ilə başlayıb, çoxu dinc sakinlər olmaqla min 200-ə yaxın insan öldürülüb. HƏMAS 250-dək adamı girov götürüb, onların 129-u Qəzzada qalır.

İsrail bundan sonra Qəzzanı bombalamağa başlayıb, azı 20 min 915 nəfərin artıq həyatını itirdiyi xəbər verilir. Məlumatı Qəzzada HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi açıqlayıb.

Anklavın 2.4 milyon əhalisinin kəskin su, ərzaq, yanacaq, dərman çatışmazlığı ilə üzləşdiyi, 1 milyon qəzzalının didərgin düşdüyü bildirilir.

İsrail ordusunun sözçüsü Daniel Haqari dekabrın 26-da deyib ki, Qəzza zolağının cənubunda döyüşlər Xan Yunis ərazisində gedir, döyüşlər mərkəzi düşərgələrə qədər genişlənib.

Dünən Qəzzada daha üç İsrail əsgəri həlak olub, oktyabrın 27-də quru əməliyyatı başlanandan ölən israilli əsgərlərin sayı 161-ə çatıb.