İsrail qüvvələri Qəzzadakı 'əl-Şifa' xəstəxanasına girib

"Əl-Şifa" xəstəxanası

İsrail bildirir ki, qüvvələri Qəzzada uzun müddətdir qarşıdurma məkanı olan "əl-Şifa" xəstəxanasına daxil olublar. İsrail HƏMAS ekstremist qruplaşmasına qarşı quru hücumu çərçivəsində bu xəstəxananı mühasirəyə alıb, qruplaşmanın xəstəxana kompleksindən hərbi məqsədlər üçün istifadə etdiyini iddia edir.

İçəridə yüzlərlə xəstə və tibbi personal olduğundan İsrail qüvvələri xəstəxanaya girmirdi. Amma noyabrın 15-də bildirilib ki, İsrail qüvvələri kompleksin spesifik ərazisində HƏMAS-a qarşı "dəqiq" əməliyyat aparır, eyni zamanda, dinc sakinlərə ziyan vurmamağa çalışır.

ABŞ və Avropa İttifaqı (Aİ) HƏMAS-ı terrorçu təşkilat sayır.

İsrail bu radikal qruplaşmanı xəstəxanalarda öz silahlılarını gizlətməkdə ittiham edir. İsrail iddia edir ki, HƏMAS "əl-Şifa" xəstəxanasında və altında əsas komandanlıq qurub. HƏMAS və xəstəxana isə İsrailin iddialarını rədd edir.

İsrailin müdafiə rəsmiləri Qəzza zolağına humanitar əməliyyatlar üçün yanacaq göndərilməsinə icazə verəcək. BMT-nin fələstinli qaçqınlara yardım agentliyi bundan bir neçə saat öncə bildirib ki, noyabrın 14-də Qəzzada yanacaq ehtiyatları tükənib.

İsrailin Qəzza şəhərində "əl-Şifa" xəstəxanasına endirdiyi zərbə nəticəsində yaralanan fələstinlilər

200 min nəfər cənuba qaçıb

HƏMAS silahlı radikalları bu il oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, azı min 200 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb, Qəzzaya yanacaq göndərilməsinə icazə verməyib, bu yanacağı radikal qruplaşmanın istifadə edəcəyini bildirib.

Qəzzanın şimalında döyüşlər son 10 gündə 200 min adamın cənuba axın etməsinə səbəb olub. Bu Fələstin anklavının 2.3 milyonluq əhalisinin üçdə ikisinin müharibə başlayandan evlərini tərk etdiyi xəbər verilir.

Fələstin rəsmiləri indiyə kimi 11 mindən çox Qəzza sakininin öldürüldüyünü, onlardan üçdə ikisinin qadınlar və azyaşlılar olduğunu açıqlayıb. 2 min 700-dək insan itkin düşüb.

İsrail-Fələstin münaqişəsi ötən əsrin ortalarında başlayıb. Onda BMT orada həm İsrail, həm də Fələstin dövlətinin yaradılmasını dəstəkləsə də, bir çox ərəb ölkələri İsraili tanımayıblar.