Nazirlik əhaliyə tövsiyələr verib

İsti hava

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün, iyulun 19-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qeyd edilir ki, yaxın günlərdə havanın temperaturunun daha da yüksələcəyi, bəzi ərazilərdə maksimal temperaturun 42-44°-dək artacağı gözlənilir :

"Belə hava şəraitində kiçik ehtiyatsızlıq... müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır... "

Nazirlik bununla əlaqədar əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi gərəkli sayıb.

"Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə, sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur ",məlumatda vurğulanıb.