Kamran Əliyev Almaniyada miqrasiya məsələsini müzakirə edib

Azərbaycanın baş prokuroru Kamran Əliyev

Yanvarın 28-də Azərbaycanın baş prokuroru Kamran Əliyev Karlsrue şəhərində almaniyalı həmkarı Peter Frankla görüşüb

Yanvarın 28-də Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın baş prokuroru Kamran Əliyev Karlsrue şəhərində almaniyalı həmkarı Peter Frankla görüşüb.

Bu barədə Azərbaycan Baş Prokurorlugu məlumat yayıb.

Məlumata görə, görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib:

“O cümlədən terrorçuluqla mübarizə, qanunsuz miqrasiya, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb”.

Bildirildiyinə görə, habelə, iki ölkənin prokurorluq qurumları arasında əlaqələrin gücləndirilməsi və gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olunub.

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyaya işgüzar səfəri yanvarın 27-də başlamışdı.

O, buna qədər də bu səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Son illər Azərbaycanla Avropa İttifaqı arasında imzalanan readmissiya sazişinə əsasən, yüzlərlə mühacir Almaniyadan Azərbaycana qaytarılıb.

Readmissiya - ölkəsindən hansısa bir səbəblə bağlı digər ölkəyə gedən, amma orada leqallaşa bilməyən şəxslərin öz ölkəsinə geri qaytarılmasıdır.