KİV-ə Dəstək Fondu ilə bağlı cinayət işində restoran rəhbərləri də suçlanır

Vüqar Səfərli (sağda) və Nuşirəvan Məhərrəmli. arxiv foto

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru olmuş Vüqar Səfərli iyulun 23-də hakim qarşısına çıxarılıb.

Daha 10 nəfər də onunla birlikdə mühakimə olunur. Məsuliyyətə cəlb edilənlər arasında Fondun mühasibi çalışmış Təhminə Yaqubova, "Jurnalist Evi" MMC-nin direktoru və Bibiheybət qəsəbəsində media nümayəndələri üçün inşa edilmiş binaların keçmiş komendantı Bünyamin İsmayılov, "Altun", "Xəmsə" restoranlarının direktor müavinləri, inzibatçıları və digərləri var.

Təqsirləndirilənlərdən yalnız ikisi - Vüqar Səfərli və jurnalist binalarını inşa etmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov həbsdədir.

Restoranların inzibatçı və rəhbər şəxslərinin suçlanma səbəbinə gəlincə, cinayət işinin materiallarında iddia olunur ki, Fondun "Altun"da, "Xəmsə"də keçirdiyi tədbirlər vasitəsilə yeyintiyə yer verilib. Yəni Fond və restoran rəhbərliyi qarşılıqlı razılıqla sənədləşmədə rəqəmlər bir neçə dəfə artıq göstərilib.

V. Səfərli və digərlərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Fond rəhbərinə dövlət hesabına vəkil verilib. Lakin o, iyulun 23-də məhkəmənin hazırlıq iclasında həmin müdafiəçinin xidmətindən imtina edib. Deyib ki, ailə üzvlərinin müqavilə bağladığı vəkili var.

Cinayət işinin materiallarında yazılıb ki, V. Səfərli və digər təqsirləndirilənlər jurnalistlər üçün binaların tikintisi məqsədilə ayrılmış vəsaiti layihə və smeta sənədlərində şişirdib, işlərin və materialların dəyərini artıq göstərib.

Fond rəhbəri həmçinin daha ağır şərtlərlə icarə müqaviləsi bağlamaqda, öz ailə üzvünün adına təsis olunmuş “Futbol+qol” qəzetinə 2015-2019-cu illərdə 300 min manat ayırmaqda və başqa əməllərdə suçlanır.

Prokurorluğun məlumatına görə, yeyinti və digər cinayətlər nəticəsində vurulmuş maddi ziyanın bir hissəsi istintaq zamanı ödənilib.

V. Səfərli və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

1959-cu il doğumlu V. Səfərli 2009-cu ildə KİVDF təsis olunandan 2020-ci ilədək bu Fonda rəhbərlik edib. O, həbsindən öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Fondun fəaliyyətilə bağlı cinayət işi üzrə bir neçə dəfə dindirilib. Həmin ərəfədə verdiyi ifadələrində yeyintilərə yol verməsi haqda suçlamaları qəbul etməyib.

2021-ci il yanvarın 12-də prezidentin fərmanı ilə KİVDF ləğv olunub, onun bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.