Komandir minaya düşüb

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 240 şəxs minaya düşüb

İyulun 26-da Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiyarovun minaya düşdüyü bildirilir.

Kəlbəcər hərbi prokurorluğundan verilən məlumata görə, hərbi prokurorluğun əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Açıqlamaya görə, aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Azərbaycan 240 şəxsin minaya düşdüyünü deyir

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 240 şəxs minaya düşüb.

Onların 30-dan çoxunun həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Lakin sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Sonradan da Azərbaycan Prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Ancaq buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan bu il mayın 11-də deyib:

“Biz əlimizdə olan xəritələri Azərbaycana verdik. Daim bu prosesi müxtəlif mövzularda alver predmetinə çevirməyə cəhdlər olunur... Məncə, məsələnin humanitar tərəfini görməzliyə qoymaqla sülhdən danışmaq olmaz.”

Paşinyan əlavə edib ki, onlar “yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”.

Buna da bax: Aİ-yə tövsiyələr: ‘...Bir minanı basdırmaq 3, çıxarmaq min dollara başa gəlir’

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Kəlbəcər rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.