Mariupolda son vəziyyət

Ukrayna, Mariupol şəhəri, 24 aprel 2022

“Azovstal” səhra xəstəxanasına endirilən aviazərbələr nəticəsində yaralananların sayı 170 nəfərdən 600 nəfərə çatıb. Bu barədə Mariupol meri Vadim Boyçenkoya istinadla məlumat yayılıb.

Ukrayna media mərkəzində keçirdiyi brifinqdə mer deyib ki, Rusiya qoşunlarının genişmiqyaslı hücumu başlayandan bəri şəhərdə 20 mindən çox sakin həlak olub.

Boyçenkonun sözlərinə görə, “Azovstal” zavoduna sığınan mülki adamların demək olar ki, nə suyu, nə qidası, nə də dərmanı qalıb.

Buna da bax: Rusiya əsgərləri əsirləri bir-bir güllələyirdilər...

"Mariupoldan çıxmağı bacaran yerli sakinlər deyirlər ki, bu şəhər cəhənnəmdir. Azovda isə vəziyyət daha da pisdir. Yemək, su, dərman demək olar ki, yoxdur. İnsanlar xilas üçün yalvarırlar. Zaman günlərlə yox, saatlarla keçir"-Boyçenko bildirib.

Onun sözlərinə görə, 300-ə yaxın şəhər sakini əvvəlcə Azovstal bomba sığınacaqlarında gizlənib, lakin sonra onlara Rusiyanın bombardmanlarından ən çox zərər çəkən şəhərin sol sahilindən olan qaçqınlar da qoşulub.

Buna da bax: Hərbi cinayətlərdə şübhəli bilinən Rusiya əsgərlərinin adları açıqlanıb

Hazırda zavodda nə qədər mülki vətəndaşın olduğu dəqiq məlum deyil.

"Çoxlu sayda qadın, uşaq, qoca evakuasiya olunmağı gözləyənlərdir. Biz bütün beynəlxalq ictimaiyyətdən səy göstərmələrini xahiş edirik. Və ümid edirik ki, davam edən prosedurlar və danışıqlar nəticə verəcək və insanlar xilas olacaq", - Boyçenko bildirib.