Azərbaycanda 19 məktəb distant təhsilə keçib

Sizin brauzer HTML5-i dəstəkləmir

Dərslər başladı. COVID-19 valideynləri qorxudurmu?

Ölkə üzrə yeni tədrisə başlanılan tarixdən (22 sentyabr) indiyədək 4 min 432 ümumi təhsil müəssisəsindən 19-u, 89 min 674 sinifdən isə 505-i koronavirusla bağlı distant formaya keçirilib.

Bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında bildirilir.

Məlumata görə, bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib: "İndiyədək 1 milyon 595 min 108 şagirddən 3 min 477-si (0.2 faiz), məktəblərdə çalışan 229 min 871 nəfər heyətdən 2 min 494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1 min 755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib".

Rəsmi açıqlamada sonra da bildirilir: "Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir. Yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır".

Azərbaycanda koronavirusla bağlı 2020-ci ilin martından yeni tədris ilinə qədər dərslər qarışıq formada keçirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə oktyabrın 22-nə kimi ümumilikdə 509 min 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 min 829-nun vəfat etdiyi bildirilib.