'MTN işi'ndə zərərçəkmişlərin etiraz aksiyası

Baş Prokurorluq qarşısında etiraz aksiyası

İyulun 19-da "MTN işi"ndə zərərçəkmişlər Baş Prokurorluq qarşısında etiraz aksiyası keçiriblər. Onlar Hərbi Məhkəmədə hazırda keçirilən prosesin yarıtmaz olduğunu və hakimin təqsirləndirilən şəxs Mövlam Şıxəliyevi müdafiə etdiyini iddia edirlər.

Aksiya iştirakçıları bildiriblər ki, Şixəliyev MTN-də işləyəndə iş adamlarından rüşvət şəklində pul tələb edib, əks halda, həbslə hədələyib.

Zərərçəkmişlərin və təqsirləndirilən şəxslərin vəsaitlərinə baxmayaraq, keçmiş baş prokuror Zakir Qaralov və keçmiş baş prokurorun müavini Rüstəm Usubov məhkəmədə dindirilmir.

Buna da bax: MTN polkovniki: 'Qaralov, Usubov göstəriş verib, icra eləmişəm...'

Onlardan biri Həsən Əliyev bildirib ki, onu MTN-in qərarı ilə qanunsuz həbs ediblər və mülkünü əlindən alıblar: "Mənzili girov qoyub pulu onlara vermişəm. Hələ də mənzili qaytara bilmirəm".

Xatırlatma

MTN İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub.

General və vaxtilə onun tabeliyində çalışmış polkovniklər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə suçlanırlar. Lakin onların heç biri, o cümlədən Şıxəliyev ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Buna da bax: MTN generalının 'Sahil'in üstündəki binada 5 mənzili, 'Torqovı'da evləri...

Keçmiş MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

2015-ci ildə MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatdan sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.