Navalnı qərargahının növbəti aksiyası fevralın 14-ə planlaşdırılıb

İğtişaş polisi Moskva küçələrində

Rusiyada müxalifət siyasətçisi Aleksey Navalnıya növbəti dəstək aksiyaları fevralın 14-ə planlaşdırılıb.

Bu barədə məlumatı Navalnı regional qərargahları şəbəkəsinin rəhbəri Leonid Volkov Rusiya mediasına verib:

"Növbəti aksiya fevralın 14-də keçiriləcək. Biz bugün, ya sabah aksiyanın formatı barədə məlumat verəcəyik. Biz bu dəfə işi daha ustalıqla görəcəyik. Bu, sadəcə olaraq fərqli format olacaq. Biz polislə birbaşa toqquşmaya getməyəcəyik. Bundan yan keçəcəyik”.

Volkov daha sonra aksiyanın formatını da izah edib:

"Navalnı qərargahı Rusiyanın bütün böyük şəhərlərinin sakinlərini fevralın 14-də axşam saat 20-də sadə bir işi görməyə çağırır. Sadəcə həyətə çıxın. Telefonunuzun fonarını yandırın və başınızın üstünə qaldırın. Beləcə bir neçə dəqiqə durun”.

Buna da bax: Borrel Rusiyaya qarşı yeni sanksiyaları istisna etmir

Sorğu: Navalnıya ictimai münasibət dəyişməyib

Yanvarın 23-də və fevralın 2-də Navalnı tərəfdarlarının kütləvi yürüşü polisin sərt tədbirləri ilə üzləşib.

Bu aksiyaların əsnasında Rusiyada rekord sayda etirazçı saxlanıb.

Etirazçıları onlar hətta müqavinət göstərməyəndə də saxlayırdılar.

Levada mərkəzinin keçirdiyi son sorğuya görə Rusiyada hər 5 nəfərdən biri Navalnının fəaliyyətini bəyəndiyini deyib.

Sosioloqlar bildirirlər ki, rəyi soruşulanların əksəriyyəti və ya 68 faizi son hadisələrə görə Navalnıya münasibətlərini dəyişməyiblər.

Volkov fevralın 4-də demişdi ki, növbəti etiraz aksiyaları yalnız baharda keçiriləcək.

Yanvar ayının sonunda Volkova qarşı cinayət işi qaldırılmışdı.

O yeniyetmələri icazəsiz mitinqlərə sövq etməkdə ittiham olunurdu. Volkov hazırda xaricdədir və barəsində axtarış elan edilib.