AzadlıqRadiosuna müsahibə verən müəllim hücuma məruz qaldığını deyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Naxçıvanda hökuməti tənqid edən müəllim döyülüb

Naxçıvan şəhərində 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Qəmbərova hücuma məruz qaldığını və təxribata çəkildiyini deyir. AzadlıqRadiosunda hadisədən bir gün öncə S.Qəmbərovanın məktəbdə müəllimlərin ixtisarları və başqa qanunsuz saydığı məsələlərlə bağlı müsahibəsi yayımlanıb.

O bildirib ki, bu gün, sentyabrın 18-də məktəbdəki öz otağına girmək istədikdə kilidin dəyişdiyini başa düşüb: "Atama zəng etdim, dedim, belə olub, nə edim? Atam da dedi ki, gözlə, nazirliyə deyirəm. Mən gedib məktəbin qabağında oturub gözləmişəm. Gözləyəndə məktəbin direktoru Asudə Məmmədova dəhlizdə kəskin səslə dedi ki, "mən açar dəyişdirməmişəm". Mən də vurğuladım ki, "dəyişməmisənsə, açarım niyə düşmür?"".

"O saat başa düşdüm ki, təxribat edirlər..."

S.Qəmbərovanın dediyinə görə, direktorla birlikdə zirzəmidə yerləşən fiziki tərbiyə otağına düşüblər: "Düşəndə direktor "zavxoz"a iki nəfərin adını çəkdi ki, onları çağır. Sonra direktor otağı öz açarı ilə açdı. İçəri girəndə gördüm ki, bütün şəxsi əşyalarımı, sənədlərimi götürüblər. Soruşanda direktor dedi ki, sənəd görməyib. Bu vaxt direktor telefonu ilə başladı video çəkməyə. Mən o saat başa düşdüm ki, nəsə təxribat edirlər...".

Onun iddiasına görə, həmin vaxt direktor telefonu kənara atıb və ona hücum edib: "Sonra da iki texniki işçini çağırdı, onlar da dərhal otağa girdi. Onda mən də tez öz telefonunumu götürüb başladım çəkməyə. Mən ona heç nə eləmədim, hətta dedim ki, məni nə qədər istəsən vura bilərsən, mənim gücüm yoxdur".

Müəllim ona qarşı təxribat olacağını bildirir: "Reportaj onlarda o qədər qıcıq yaradıb ki, dözə bilmədilər. Bu insident yaranıb, mənə qarşı təzyiq olub".

Nazirlik: "Araşdırma aparılır"

Bu deyilənlərlə bağlı direktor və ya həmin məktəbin digər cavabdeh şəxslərindən münasibət öyrənmək mümkün olmayıb.

Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən isə "Turan"a bildirilib ki, quruma S.Qəmbərovaya hücum edilməsi və onun döyülməsi ilə bağlı heç bir şikayət daxil olmayıb: "Ancaq hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Hazırda araşdırma aparılır".

Sizin brauzer HTML5-i dəstəkləmir

Naxçıvanda müəllimlərin etirazı: 'İlham Əliyevin təyin etdikləri onun düşmənləridir'