Nazim Bəydəmirlinin həbs müddəti yenə artırıldı

Nazim Bəydəmirli

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin həbs-qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.

Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, martın 29-da Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb: "Məhkəmə təqdimatı təmin edib".

O qeyd edib ki, N.Bəydəmirlinin səhhətində problemlər qalmaqdadır: "Təzyiqi normaya düşmür, deməsinə görə, oturaq halda gözü qaralır, huşunu itirmək dərəcəsinə çatır. Amma mənə yoldaşımın diaqnozunu demirlər. Bizim Nazimin öz həkimi tərəfindən müayinə və müalicəsi ilə bağlı müraciətlərimiz cavabsız qalıb".

Vəkil Aqil Layıc isə bildirib ki, N.Bəydəmirli ilə bağlı istintaq hərəkətləri aparılmır, ona görə də həbs-qətimkan tədbirin uzadılmasına heç bir ehtiyac yox idi.

Müdafiə tərəfi qərardan şikayət vermək niyyətindədir.

Hələlik, bu açıqlamalara cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

12 mart

Ailəsi Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyini deyir

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə məlumat verən onun həyat yoldaşı Fəridə Bəydəmirli deyib ki, N.Bəydəmirlinin qan təzyiqi yüksəkdir: "Dünən, martın 11-də Nazimlə telefonla danışdım, bir həftədən çoxdur qan təzyiqi 150/90-dan aşağı düşmür, ürək döyüntüsü yüksəkdir, şiddətli nəfəs darlığı var".

F.Bəydəmirlinin sözlərinə görə, həyat yoldaşına iki həftədən çoxdur ki, açıq havada gəzintiyə icazə verilmir və onun bununla bağlı müraciətlərinə məhəl qoyulmur. Həmçinin, onun vurğulamasına görə, N.Bəydəmirlinin mülki həkim müayinəsi istəməsi ilə bağlı hələ fevralın 21-də etdiyi müraciət də təmin olunmayıb. Xanımının əlavə etməsinə görə, məsələ ictimailəşəndən sonra ədliyyə hospitalından həkim kardioloq göndərilib: "Həkim Nazimi elektrokardioqrafiya və exokardioqrafiya müayinəsindən keçirib. Tövsiyə edib ki, qan analizi versin, nəticəyə uyğun təcili müalicəyə başlanmalıdır. Lakin həmin həkim mənə Nazimin diaqnozunu demədi və bunu Penitensiar Xidmətin həkimlərindən soruşmağı tövsiyə etdi. Onlardan da soruşdum, doğru düzgün cavab ala bilmədim".

O, həyat yoldaşının səhhətinə, həyatına görə narahat olduğunu vurğulayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Polis nəzarətində olan Söyüdlüdən səslər: 'Evimizdə dustağa çevrilmişik'

N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin (CM)182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Müdafiə tərəfinin bildirməsinə görə, N.Bəydəmirli hesab edir ki, o, ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür. Sentyabrın 1-də Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, bu ittihamı da qəbul etmir.

Onun həbs müddəti məhkəməyə qədər bir neçə dəfə artırılıb.

Xatırlatma

Ötən il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).

İyulun 11-də prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Rəsmi monitorinqlərin nəticələrinə görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bununla belə, ötən il sentyabrın 26-da mədənin mərhələlərlə fəaliyyətə başlaması məqbul sayılıb.