Nazirlik rəsmisi mina xəritələrindən danışıb 

İşğaldan azad olunmuş ərazilərdə mina axtaışı

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib.

Gecə saatıarında yayılan məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. Buna görə də nazirlik rəsmisi indi hər hansı rəqəm səsləndirməyin, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləməyin bir qədər tez olduğunu bildirir.

“Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”.

Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini deyir.

İyunun 12-də Azərbaycan saxlanılan 15 erməni Ermənistana təhvil verib, Ermənistan isə bunun qarşılığında Ağdamda basdırılan 97 min minanın xəritəsini Azərbaycana təqdim edib.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində mübadilə işində ABŞ-ın zəmanət verdiyini, Azərbaycanın başqa bölgələrinin də mina xəritələrinin alınmasına çalışdıqlarını bildirib.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə Ağdamın mina xəritəsinin minalanmış ərazilərin kişik bir hissəsi olduğunu qeyd edib.