Avstriya kansleri Putinlə ‘sərt’ söhbət etdiyini deyir

Karl Nehammer (sağda) və Vladimir Putin

Nehammerin ofisi bildirir ki, o aprelin 11-də Moskvada olub və Putinlə söhbəti bir saatdan çox davam edib, lakin bu səfər “dostluq səfəri” olmayıb

Avstriyanın kansleri Karl Nehammer deyib ki, Rusiya prezidenti Vladimir Putinlə Moskvanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı “üz-üzə, açıq və sərt” söhbət edib.

Nehammerin ofisi bildirir ki, o aprelin 11-də Moskvada olub və Putinlə söhbəti bir saatdan çox davam edib, lakin bu səfər “dostluq səfəri” olmayıb:

"Mən Buçada və başqa yerlərdə törədilmiş müharibə cinayətlərini qeyd etdim və bildirdim ki, bunlar üçün məsuliyyət daşıyanların hamısı məhkəmə qarşısına çıxarılmalıdır”.

Çoxsaylı sübut və dəlillərin olmasına baxmayaraq Rusiya Ukraynada dinc sakinləri öldürdüyünü israrla danır.

Buna da bax: Finlandiya və İsveç elə bu yay NATO üzvü ola bilər - Qərb mediası

Sanksiyalar qalacaq

Rusiya qüvvələri Buça şəhərini tərk etdikdən sonra ora daxil olan Ukrayna hərbçiləri küçələrə səpələnmiş çoxsaylı meyit aşkar ediblər. Onlardan 50-sinin edamsayağı qətl edildiyi ehtimal olunur.

Bu şəhərdə ümumilikdə 300 meyit aşkar edilib.

Ukrayna prezidenti Volodimir Zelenski qətlləri “müharibə cinayəti” və “soyqırım” adlandırıb, Qərb ölkələri isə Rusiya üzərinə sanksiyaların yeni paketini elan edib.

Nehammerin bəyanatında deyilir ki, o Putinə Ukraynada insanların ölməsi davam etdikcə Rusiyanın üzərindəki sanksiyaların qalacağını və daha da sərtləşdiriləcəyini deyib.

O habelə Putinə Ukraynada dinc əhali üçün təcili qaydada dəhlizlərin açılmalı olduğunu bildirib:

"Mən bu söhbət barədə avropalı partnyorlarımızı məlumatlandıracağam”.