'CODA' niyə 'Oskar' aldı

"CODA" filminin heyəti "Oskar" almasını bayram edir. 28 mart 2022

Builki mükafat mövsümü "The Eyes of Tammy Faye" və "Spencer" kimi bayopiklərlə, satirik "Don't Look Up" filmi və ənənəvi müzikl olan "West Side Story" kimi gözləntiləri doğrultmayan işlərlə yadda qaldı.

Kennet Brananın "Belfast" filminin "Oskar"a layiq görüləcəyini çox adam gözləyirdi. Ancaq Ceyn Kempionun çəkdiyi "The Power of the Dog" vesterni erkən favorit olsa da, son nəticədə "ən yaxşı film" nominasiyasının qalibi Şan Hederin "CODA" filmi oldu. Bəziləri bunu gözləyirdi.

Hansı filmlər xatırlanacaq

"Oskar"a namizəd olmazdan öncə bu film bir neçə uğura imza atmışdı. Prodüserlər Gildiyası və Aktyorlar Gildiyasının diqqətini cəlb edən "CODA" kar ailədə eşidən uşaq haqqında gerçək və səmimi dramdır. İlk dəfə 2021-ci ilin qışında "Sandens" kinofestivalında göstəriləndə hələ bu qədər uğur qazanacağı gözlənilmirdi. Ancaq çoxlu müsbət rəy toplayan və bir xeyli reklam olunan film film festivalından rekord məbləğdə sövdələşmə ilə ayrılmışdı. "Apple TV+" filmin nümayiş hüquqlarını 25 milyon dollara satın almışdı.

İnsanlar daim öz hekayələri üçün müsbət və mənfi qəhrəmanlar axtarırlar. Bu mənada, görünür, Hederin bu filmi bəzi internet xəbərləri üçün əsas hədəfə çevrildi. Bu reaksiyalar "Oskar" mərasiminin nəticələrindən çox fərqli idi. Son nəticədə bu qəbildən mükafatlar tamaşaçıların hansı filmləri on illərlə xatırlayacağına qərar vermir. "The Power of the Dog" və Rüsuke Hamaqutinin "Drive My Car" filmi hələ uzun müddət indi xatırlandığı kimi xatırlanacaq.

Buna da bax: 12 kateqoriyada 'Oskar'a namizəd oldu

Hollivud nəyi dəstəkləmək istəyir

Ancaq bu mükafatlar həm də Hollivudun dəstəkləmək və maddi sponsorluq etmək istədiyi filmlərin adları, ideyaları, üzləri barədə müəyyən təsəvvür yaradır.

"Parasite" filminin qalib olması ona görə əhəmiyyətli idi ki, bu film ingilisdilli auditoriyanın subtitr qorxusunu bir qədər azaltmağa kömək edə bildi. Xloya Çjaonun "Nomadland" filminə görə mükafatlandırılması qadın rejissorların, xüsusən də fərqli irqlərdən olan qadın rejissorların qarşısındakı sədlərin qırılmaqda olması ilə bağlı səmimi ümid aşıladığı üçün əhəmiyyətlidir.

"CODA"nın qalib olması isə, əsasən, eşitmə qüsurlu insanlardan ibarət aktyor heyətləri üçün qapıları açması baxımından vacibdir.

Buna da bax: 'Oskar'ın bəyənmədiyi incilər

Dayaz film, yoxsa?

Bir çox şərhçilər "CODA"nı kütlənin xoşuna gələn dayaz film kimi xarakterizə edirlər. Ancaq "The Independent" qəzeti yazır ki, bu filmdə dayaz və bəsit bir şey yoxdur. Frenk və Ceki, uşaqları Leo və Rubi ziddiyyətli istəkləri və şəxsi vəzifələri olan tərs adamlardır. Rubi musiqiçi olmaq istəyir. Ancaq kar valideynlərin eşidən övladı kimi faktiki onların tərcüməçisidir. O qorxur ki, bu roldan təkbaşına imtina etsə, eşidən insanların dünyası ilə ən güclü bağlarından birini itirə bilər. Eyni zamanda, atası balıqçılıq sənayesindəki işini itirmək təhlükəsi ilə üz-üzədir.

Bu insanların istədikləri və özlərini həsr etməyə məcbur olduqları şeylər arasındakı mürəkkəb seçimlərdə dayaz və bəsit heç nə yoxdur. "CODA" eşidə bilən auditoriyaya yalnız bir anlıq güzəşt edir. Rubinin çıxışlarından birinin səsi belə yarıyolda kəsilir. Auditoriyada hıçqırığını boğmağa çalışaraq ağlayan insanları görən valideynləri, nəhayət, qızlarının nə qədər istedadlı olduğunu anlayırlar. "Ən yaxşı aktrisa" nominasiyasının qalibi Cessika Çesteynin təbirincə desək, "sevgi" sözünün daim təkrarlandığı dünyada "Oskar" mükafatının bu qədər sadə və emosional paklığa verilməsinin nə ziyanı ola bilər?