'Patriot'un təmirdən sonra işlək vəziyyətdə olduğu bildirilir

Patriot sistemləri

Bir neçə gün əvvəl Rusiyanın Kiyevə raket hücumundan sonra zədələndiyi deyilən ABŞ-ın “Patriot” zenit sisteminin təmirdən sonra Ukrayna ordusuna qaytarıldığı bildirilir. Bu barədə cümə axşamı Pentaqonun sözçüsü Sabrina Sinq (Sabrina Singh) açıqlama verib.

"O, təmir olunub və hazırda tam işlək vəziyyətdədir", – Sinq cümə axşamı mətbuat konfransında deyib.

O qeyd edib ki, ABŞ-dan olan mütəxəssislər təmirə kömək ediblər. Sözçü dəymiş ziyanın mahiyyəti barədə ətraflı məlumat verməyib.

Buna da bax: CNN: Rusiya Kiyev yaxınlığında Patriot sistemini vurmağa çalışıb

Bundan öncə ABŞ mediası administrasiyadakı mənbələrə istinadən Rusiyanın raket hücumu nəticəsində kompleksin zədələndiyini, lakin dağılmadığını qeyd edib.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində iddia edib ki, “Kinjal” raketi kompleksin beş buraxılış qurğusunu və bir radarı məhv edib. Nazirlik iddialarına dair sübut təqdim etməyib.

Ukraynanın məlumatına görə, mayın 16-na keçən gecə Rusiya Kiyevi kütləvi raket zərbəsinə məruz qoyub, lakin hava hücumundan müdafiə sistemi raketləri, o cümlədən altı hipersəsli “Kinjal” (“Xəncər”) raketini vurub.

Rusiyalı şərhçilər isə internetə yayılan videoya istinadla “Kinjal”lardan birinin vurulmadığını, “Patriot” kompleksinə dəydiyini iddia ediblər. Videoda hava hücumundan müdafiə sistemi işə düşəndən sonra yerdə partlayış əks olunub.