Rusiyadan Azərbaycana gələnlərdə 80 faiz artım

Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə təkbətək görüşü

Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, iki ölkə arasında qarşılıqlı ticarətin həcmi pandemiyadan (2020-ci ildə koronavirus) əvvəlki səviyyəyə çatır. Əlavə edib ki, bu səfər ərəfəsində bəzi statistik məlumatlara baxıb: "Sevindim ki, aviareyslərin sayı sürətlə artır. Həftədə 130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq".

M.Mişustin noyabrın 17-də Azərbaycanla Rusiya arasında 11-ci regionlararası foruma toxunub: "İlk növbədə energetika, sənaye, nəqliyyat, mədəni-humanitar sahələrə diqqət yetirildi. Danışıqların yekunlarına əsasən, ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalandı. Nəqliyyat sahəsi çox mühüm, xüsusi sahədir. Əminik ki, birgə infrastruktur-logistika layihələri bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacaq".

Putin Əliyevə zəng edib

Noyabrın 17-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Hökumət başçıları da görüşüb

Noyabrın 17-də Bakıda Azərbaycan Baş naziri Əli Əsədovun Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşü olub.

Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli iqtisadi əlaqələrin durmadan inkişaf etməsi xüsusi vurğulanıb: "Diqqətə çatdırılıb ki, cari ilin 10 ayı ərzində qarşılıqlı ticarətin həcmi təqribən 20 faiz artıb və 3 milyard dollara yaxın olub".

Məlumata görə, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın davamlı inkişafı ilə bağlı vurğulanıb ki, bu ilin əvvəlindən Azərbaycan ilə Rusiya arasında yükdaşımaların ümumi həcmi təqribən 22 faiz artıb.

Azərbaycandan keçən nəqliyyat dəhlizləri vasitəsilə Rusiya yüklərinin tranzit daşınmasının əhəmiyyətli dərəcədə artması da qeyd edilib. Bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında bu artım 98 faizə bərabər olub.

Görüşün yekunlarına əsasən bir sıra sənədlərin imzalandığı açıqlanıb. Amma sənədlərlə bağlı detallı bilgilər verilməyib.

Rusiya Federasiyası Hökumətinin sədri M.Mişustin noyabrın 17-də Azərbaycana gəlib.