Berluskoninin keçmiş müttəfiqi: Putin cüyürün ürəyini kəsdi

Putin Tuvanın Sayan dağlarında ovda

İtaliya Senatının keçmiş üzvü Fabritsio Çiççitto "Corriere della Sera" qəzetinə Rusiya prezidenti Vladimir Putinin ov edərkən iki cüyür öldürməsi, onlardan birinin ürəyini bıçaqla kəsərək Silvio Berluskoniyə yeməyə təklif etməsindən danışıb. İtaliyanın uzun müddət baş naziri olmuş Berluskoni o vaxt həm də Senat üzvü idi.

Çiççitto İtaliya parlamentinin yuxarı palatasında Berluskoninin "İrəli, İtaliya " partiyasını təmsil edib.

Onun sözlərinə görə, Putinin qəddarlığı barədə ona keçmiş baş nazirin özü danışıb. "Vladimir mənə əvvəllər təsəvvür etmədiyim qəddar bir xarakter göstərdi" - Çiççitto Berluskoninin ona söylədiyi sözlərdən sitat gətirir.

"Corriere della Sera" nəşrinə görə, hadisə Rusiyada 2013-cü ildə Berluskoninin Putinin malikanəsində tətildə olduğu vaxt baş verib

"Putin ova getməyi təklif etdi. Qarda gəzərkən iki cüyür gördü. Hər ikisini vurduqdan sonra məmnunluqla üzümə baxdı və dedi: "Bu gün sizə heyrətamiz yeməklər təqdim edəcəm". O, əlində bıçaq tutaraq heyvanlara yaxınlaşmaq üçün yamacdan aşağı düşdü. Sonra onlardan birinin ürəyini çıxardı. Onu müşayiət edən bir kişi taxta podnos çıxardı, mənə verdi və üzərinə qanayan ət parçası qoydu... Qusdum", – Çiççitto Berluskoninin dediklərini sitat gətirir.

Kreml hələ ki, "Corriere della Sera"nın məqaləsinə münasibət bildirməyib. Putin və Berluskoninin dostluq münasibətləri olub, qeyri-rəsmi şəraitdə tez-tez görüşdükləri bildirilir. Berluskoni Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi təcavüzünü pisləyib, lakin ondan bir neçə ay sonra Putin ilə münasibətləri bərpa etdiyini söyləyib. Rusiya prezidenti italyan siyasətçinin 2023-cü ildə vəfatı ilə bağlı başsağlığı verib.