Putin Əliyevə zəng vurub

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti martın 17-də səhər məlumat yayıb.

Məlumata görə, "telefon danışığı əsnasında Rusiya, Azərbaycan, Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib".

Bildirildiyinə görə, həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan əvvəl - martın 13-də isə Ermənistan Baş naziri Nikol Paşinyan ilə Putin arasında telefon danışığı olub. Orada da üç ölkə liderlərinin əvvəlki razılaşmaları müzakirə edilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər daha sonra da bölgədə iqtisadi inkişafı və nəqliyyat əlaqələrinin bərpasını zəruri sayan daha bir neçə bəyanatlar imzalayıblar. Amma Azərbaycanla Ermənistan arasında, hələlik, sülh sazişi imzalanmayıb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.