Paşinyan sərhədin delimitasiyasında referendumu istisna etmir

Baş nazir Nikol Paşinyan Sünik vilayətinin Çakaten kəndinin sakinləri ilə görüşür.

Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin delimitasiyası zamanı ərazi mübadiləsi məsələsi ortaya çıxsa, referendum keçirəcək.

Bunu Ermənistanın Sünik vilayətinin Şinuayr kəndində ölkənin baş naziri Nikol Paşinyan deyib.

"Burada 100 kv.m verə, orada 100 kv.m əldə edə biləcəyiniz bir vəziyyət ola bilər. Bu halda biz heç nəyə qərar verməyəcəyik. Referendum keçirmək lazımdır, siz qərar verəcəksiniz", - o, kəndlilərə bildirib.

O, kənd sakinlərini əmin edib ki, hakimiyyət Ermənistanın öz ərazilərinin bir metrini də güzəştə getməyəcək. Bu kontekstdə Paşinyan sözdə "Zəngəzur dəhlizi"nin (Ermənistanın Sünik bölgəsindən keçəcəyi deyilən yol) açılması barədə şayiələri boş söhbət adlandırıb, kənd sakinlərini bu söhbətlərə fikir verməməyə çağırıb.

"Düzgün başa düşün - biz Azərbaycanla yeni sərhəd yaratmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik", - o əlavə edib.

24 may

Azərbaycan Qazaxın dörd kəndinə nəzarəti bərpa etdi

Ermənistan-Azərbaycan sərhədində sərhədçilər yerləşdirilir.

Mayın 24-də Azərbaycan sərhədçiləri Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini nəzarətə götürüb.

Ötən əsrin 90-cı illərində işğal olunan bu kəndlərin bu il aprelin 19-da dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 8-ci görüşündə Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı razılıq əldə edildiyi açıqlanmışdı. Həmin vaxt Azərbaycan və Ermənistan öz aralarında sərhədin 1991-ci il Almatı bəyannaməsi əsasında müəyyən edilməsini də razılaşdırmışdılar.

"Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6.5 kv.km) Azərbaycana qaytarılması təmin edilib", - rəsmi məlumatda bildirilir.

Buna qədər Azərbaycan ümumilikdə səkkiz, Ermənistan isə 31 kəndinin ərazilərinin işğal edildiyini acılayıb.

Ermənistan da...

Bu il mayın 24-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları Tavuş vilayətində dövlət sərhədinin Berkaber kəndi yaxınlığında 1.9 km, Voskepar və Bağanis kəndlərində isə 4.9 km hissəsinin mühafizəsini öz üzərinə götürüb.

MTX-nin məlumatına görə, dövlət sərhədinin Kirants (Ermənistan) – Xeyrımlı (Azərbaycan) istiqamətindəki 5.8 km-lik hissəsinin mühafizəsi iyulun 24-dək keçid sxemi üzrə həyata keçiriləcək.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirirdi.

2020-ci ildə 44 günlük müharibə və ötən ilin sentyabrında bir günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə suverenliyini bərpa etdiyini açıqladı.

Bakı Qarabağda bir günlük əməliyyatı "lokal antiterror tədbirlər"i, Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.