Qubad İbadoğlunun səhhətinin pisləşdiyi deyilir

Qubad İbadoğlu

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun sağlamlığında problemlərin kəskinləşdiyi bildirilir.

Avqustun 14-də onunla 1 saylı Bakı İstintaq Təcridxanasında vəkil Bəhruz Bayramov görüşüb.

Bu barədə AzadlıqRadiosuna danışan vəkilin sözlərinə görə, İbadoğlu isti havaların onda ürək və qan təzyiqi ilə bağlı problemləri artırdığını deyib:

"Bundan əlavə son günlər qanında şəkərin səviyyəsi artıb".

Vəkil qeyd edib ki, Qubad İbadoğlu “Palmalı” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovla əlaqələri barədə bəzi yerli media orqanlarında yayılan məlumatları təkzib edib:

“Qubad bəy bildirdi ki, Mübariz Mənsimovla heç zaman görüşməyib".

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul isə AzadlıqRadiosuna deyib ki, qardaşına hələ də yaxınları ilə görüşməyə imkan verilmir. O, bunu psixoloji təzyiq kimi dəyərləndirərək vurğulayıb ki, İbadoğlundan vəkillərinin telefon nömrələrinin siyahısı olan qeydləri də alıblar.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl də Qubad İbadoğlunun yaxınları onun səhhəti ilə bağlı narahatlıqlarını bəyan etmişdilər.

Buna da bax: Qubad İbadoğlunun adına olan məkanda axtarışın qanunsuz aparıldığına dair apellyasiya şikayəti veriləcək

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.