Qətlindən 79 il sonra... Rəsula məktub

«Rəsul Rəsulzadəyə məktub» kitabının üz qabığı.

«Rəsul da, ailəsi də bu faciələri Məhəmməd Əmin Rəsulzadəyə görə yaşadılar...».

Bu sözləri yazıçı-jurnalist Nəcibə Bağırzadə yenicə çapdan çıxmış «Rəsul Rəsulzadəyə məktub» kitabının təqdimatında söyləyib.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin böyük oğlu Rəsulun xatirəsinə həsr olunmuş kitab müəllifin Rəsulzadələrə həsr olunmuş 4-cü kitabıdır.

«GÜLLƏLƏNƏRKƏN RƏSULUN 24 YAŞI OLUB»

Müəllif Rəsulla bağlı tapdığı sənədlərdən söz açıb: «İndiyədək Rəsulun 1938-ci ildə 19 yaşında qətlə yetirildiyi bildirilirdi. Amma arxivdə tapdığım sənəddə, güllələnərkən Rəsulun 24 yaşı olduğu yazılıb... Rəsulun həbs orderi 1938-ci il yanvarın 18-də imzalanıb. Həmin il martın 1-də «əmlakı müsadirə olunmaqla güllələnmə» haqqında Üçlüyün qərarı çıxıb. Hökm martın 5-dən 6-na keçən gecə yerinə yetirilib. 1914-cü ildə doğulan Rəsuldan çox az şey yadigar qalıb. Bir fotosu, bircə məktubu - çox kədərli, öz imzasıyla... O imzanı mən NKVD-nin sənədlərində də gördüm. Üzünü çıxarmağa icazə vermədilər, amma baxa bildim. Bir-birini təkzib edən sənədlər vardı orda. Rus dilində yazırlar ki, «bezpartiynıy», yəni partiya üzvü deyil. Amma sonra yazırlar ki, «Müsavat partiyasının üzvü olduğu və atasıyla əlaqələr yaratdığı, dövlət əleyhinə işlər gördüyü üçün həbs olunub».

«BÜTÜN RAYON VƏ KƏND BÜDCƏ İŞLƏRİNİ POZDUĞU ÜÇÜN» RƏSULU İŞDƏN ÇIXARDILAR

Nəcibə xanım Rəsulun işdən qovulmasıyla bağlı sənədləri də üzə çıxarıb: «Xızıda işləyirmiş. Xızı rayon maliyyə şöbəsində büdcə müfəttişi. Gecikdiyini bəhanə edib töhmət verirlər və sonra «bilə-bilə bütün rayon və kənd büdcə işlərini pozduğu üçün» işdən qovurlar. Onu həbs etmək üçün zəmin yaradırdılar».

ARXİVÇİNİN SUALI: SİZ QOHUMSUNUZ?

Kitabın müəllifi NKVD-nin arxivini araşdırarkən «ən kədərli» sandığı bir faktı üzə çıxarıb: «Rəsulun həbs tarixiylə bağlıdır bu. Oqtay müəllim (Rəssam Oqtay Sadıqzadənin anası Umgülsüm Rəsulzadələrlə əmiuşağı idi - S.İ.) mənə danışırdı ki, Rəsulu yayda Seyid Hüseynlə bir vaxtda aparıblar. Amma sənədlərdə yazılıb ki, Rəsul yanvarın 18-də tutulub, hökm martın 5-dən 6-na keçən gecə yerinə yetirilib... Sənədi oxuyanda, ixtiyarsız ağladım. Arxivdəki qadın təəccüblə baxıb soruşdu: Siz qohumsunuz? Yox, - dedim... Daha heç nə soruşmadı...».

ACI TƏSADÜF...

Bu, doğrudan da, çox acı təsadüf idi: «Sən demə, ata-bala eyni gündə - 1938-ci il martın 5-dən 6-na keçən gecə Rəsul, 17 il sonra-1955-ci il həmin tarixdə Məhəmməd Əmin bəy dünyadan köçüb...Gör taleyin amansızlığına, oyununa bax! Əslində, o vaxt Rəsula atılan güllə qohumların hamısına dəydi. Hamısı dərbədər oldu. Təkcə Azər bəyə Vətəndə dəfn olunmaq qismət oldu...».

«Rəsul Rəsulzadəyə məktub» kitabının təqdimatı

«EVƏ GİRDİM VƏ GÜZGÜYƏ BAXDIM...»

Nəcibə xanım Dövlət Təhlükəsizliyi Xidmətinin arxivindən ayrılandan sonra hədsiz kədərləndiyini bildirir: «Evə girdim və birinci güzgüyə baxdım. Mənə elə gəldi ki, qocalmışam. Keçirdiyim hissləri kitabda yaza da bilməmişəm. Qələmimin gücü çatmayıb buna. O ağrıları verməyə... Düşünürəm ki, bütün bunlardan Məhəmməd Əmin bəyin də xəbəri olub. Onun bu ağrını necə yaşadığını təsəvvür edə bilmirəm. Mənə görə Rəsulzadə çox yaralı bir adamdır. Amma insan nə qədər güclü olmalıdır ki, bütün bunları dəyanətlə yaşasın? O, xalqın xilası üçün seçilmişdi və artıq 18 yaşından bu yola qoşulanda, itkilərin ola biləcəyini duyurdu. Hər şeyə hazır idi. Və sonacan da özünü dəyanətlə apardı».

RƏSULUN KÜBRASI...HÖNKÜRTÜ...

Tədbirin aparıcısı Nəsiman Yaqublu da Rəsulla bağlı bildiklərini paylaşdı: «Açığı, çoxdan arzulayırdıq ki, Rəsulzadənin oğlunun istintaq materialları barədə məlumat əldə edək. Qısa bilgilər vardı, amma geniş araşdırmaq Nəcibə xanıma nəsib oldu. 1990-cı ildə Rəsulzadə haqqında ilk kitabı yazanda, mən onun sağ qalan ailə üzvləri ilə görüşdüm. Əmin bəyin bacısı qızı Kübra xanım sandığı açıb mənə kiçik bir şəkil verdi. Dedi, bu, Rəsulzadənin böyük oğlu Rəsulun yeganə fotosudur. Fotonu kitabda vermək üçün ondan istədim. Amma Kübra xanım bildirdi ki, fotonu bir günlüyə verə bilər. Çünki onu 50-60 ildir qoruyub sandıqda saxlayıb. O vaxt indiki texniki imkanlar yox idi. Fotonu slayda çevirdik. Böyük və kiçik ölçüdə çıxardıq. Böyük ölçüdə fotonu aparıb Kübra xanıma verdim. İnanırsınızmı, o, necə hönkürüb ağladı?! Dedi, Rəsulu itirəndən sonra ilk dəfədir onun belə böyük əksini görürəm... Rəsulun üzdə olan fotosuna görə biz indi dünyasını dəyişmiş Kübra xanıma (Rəsul Kübranı sevirmiş - S.İ.) minnətdar olmalıyıq».

RƏSULUN «BAYATI ŞİRAZ»I

Nəsiman bəy Rəsulun çox istedadlı olduğunu bildirdi: «Gözəl şeirlər yazıb. Kübra xanım o vaxtlar mənə yaddaşında qalan bir şeirini də demişdi. Oqtay Sadıqzadə isə mənə Rəsulun gözəl tar çaldığını bildirdi. Dedi, tar çalmağı İçərişəhərli kor Həsənağadan öyrənmişdi. Özü də «Bayatı Şiraz»ı çox gözəl çalırdı. Görünür, İçərişəhərli Həsənağa ustad tarçalan olub. Həm də, dərs verib. Bu da maraqlı mövzudur məncə. Jurnalistlər onu araşdıra bilərlər».

RƏSULUN ANASI...

Nəsiman Yaqublu Rəsulla bağlı daha bir xatirəni bölüşdü: «Qardaşı Azərin dediklərini xatırlayıram. O vaxtlar mən onunla görüşmək üçün Qaraqandaya da getdim. Teyyub Qurbandan sonra. O, Rəsul barədə dəhşətli faktlar söylədi. Deyirdi ki, biz iki qardaş evdə olan vaxt gəlib tutdular. Anamın «Rəsul, Rəsul» deməkdən bağrı çatladı. Rəsul ailədə çox sevimli övlad olub. Və sonralar Rais bəy də söylədi ki, o xanımın dünyadan tez köçməsinə Rəsulun güllələnməsi səbəb olub. Azər bəy deyirdi ki, Rəsuldan sonra anam susqunluğa qapıldı. Heç kəslə danışmadı... Görünür, oğul itkisini yaşamaq onun üçün çətin olub. Sözsüz, bu, hər bir ana üçün çətindir, amma bu itkini qürbətdə-sürgündə yaşamaq ikiqat çətin olur. Çünki sürgündə uzun müddət onun güllələndiyini bilmədilər. Sonradan xəbər tutdular (Deyilənə görə, Rəsulun qətlə yetirildiyini öyrənəndə, Azər özünə qəsd etmək istəyib-S.İ.)...». Sorğu-sual protokolu

AXTARIŞ: RƏSULZADƏNİN EVİNDƏN NƏ ÇIXDI?

Nəcibə xanım həmin sənədi də (sənəd yazıya əlavə olunur-S.İ.) tapıb: «Ümbülbanu xanımı aparanda, evdə axtarış da ediblər. Milli Şura sədrinin evindən çıxanların siyahısı, məncə, «Rəsulzadə kim idi» sualına ən yaxşı cavabdır. Millətə Dövlət, Bayraq boyda sərvət qoyub gedən İnsanın evindən çıxan əşyalara baxın. İndi mən zamanları müqayisə etmək istəmirəm. Amma bu faktın özü həmin suala cavabdır». Axtarış protokolu

«Rəsul Rəsulzadəyə məktub» kitabının təqdimatı

«BİZ DƏ QƏRİBİK, BİZ DƏ QÜRBƏTDƏYİK!»

Nəcibə Bağırzadə həmişə səsləndirdiyi fikirləri bir daha dilə gətirdi: «25 ildir Azərbaycanda Rəsulzadənin qurduğu dövlət bərpa olunub. Rəsulzadənin ucaltdığı bayraq altında yaşayırıq. 25 ildə Rəsulzadəyə ev muzeyi açılmayıb. Halbuki onların 3 yerdə evləri olub. Rəsulzadənin Bakıda heykəli yoxdur. Ömər Eldarovla görüşdüm. Heykəl hazırdır. Onun emalatxanasındadır. Dövlət vəsait ayırsa, tamamlamağa hazırdır, amma tərpəniş yoxdur. 133 yaşına gəlib çatdı Məhəmməd Əmin Rəsulzadə. Hələ də, Azərbaycanda Rəsulzadə qəribdir. Nə qədər ki, belə davam edəcək-biz də qəribik, biz də qürbətdəyik...».

«BAŞINIZIN ÜSTÜNDƏ RƏSULZADƏNİN BAYRAĞIDIR!!!»

Kitabın müəllifi bu günlərə görə hər birimizin Rəsulzadəyə borclu olduğunu bildirir: «Mən o məsuliyyəti həmişə hiss edirəm. Yaşadığımız dövlətə görə, dünyanı dolaşan bayrağımıza görə biz məhz ona borcluyuq. Düzdür, Rəsulzadəyə ölkədə çox böyük qısqanclıq var. Bu qısqanclıq həmişə olub. Amma dillərinə gətirməsələr belə, o susan adamların kabinetlərində-başının üzərində Rəsulzadənin ucaltdığı bayraq dayanır. Və əgər bayraq varsa, demək, bu bayraq Rəsulzadənin şəklidir, heykəlidir!..».

SON

M.Ə.Rəsulzadənin evində siyahıya alınan bütün əşyaları müsadirə edirlər. Daha sonra ailəsi Qazaxıstana sürgün olunur. O əşyalardan ancaq biri - sonda adı çəkilən tar sonbeşik Azərlə sürgünə gedir. Bundan sonra Rəsulun «Bayatı-Şiraz»ı Qazaxıstan çöllərində çalınır... Elə ailədən sürgün həyatına tab gətirən yeganə adam da sonbeşik Azər olur...

Məhəmməd Əmin Rəsulzadə (1884-1955) - Rəsulun atası, 1920-ci ildə ömürlük mühacirətə gedib. Ankara Əski məzarlığında dəfn olunub.

Ümbülbanu Rəsulzadə (1888-1941)-Rəsulun anası, sürgündə dünyadan köçüb. Məzarı bilinmir. Ümbülbanu Rəsulzadənin sürgündən bacısı Umgülsümə yazdığı məktub

Maral Musa qızı (1887-1941) - Rəsulun nənəsi, sürgündə dünyasını dəyişib. Məzarı yoxdur.

Lətifə Rəsulzadə (1910-1943) - Rəsulun böyük bacısı, sürgündə qızı İşvə ilə birlikdə donaraq ölüb. Məzarı yoxdur.

Xalidə Rəsulzadə (1916-1943) - Rəsulun kiçik bacısı, itkin düşüb.

Azər Rəsulzadə (1920-1993) - Rəsulun kiçik qardaşı, sürgündə yaşayıb. Məzarı Novxanıdadır.

P.S. Əziz oxucu və dinləyici! Rəsulzadələr haqqında daha bir ağrılı-əzablı verilişi bitirdik... İndi dinləmək və oxumaq, həm də tarixdən nəticə çıxarmaq, dərs almaq növbəsi sənindir. Tarix ondan dərs alanları sevər!..

Sizin brauzer HTML5-i dəstəkləmir

Məmməd Əmin Rəsulzadənin oğlu Rəsul Rəsulzadə haqqında İz verilişində