Rusiya dövlət xəbər agentliyinin əməkdaşı Ukraynada həlak olub

Rostislav Juravlyov

Rusiyanın dövlət xəbər agentliyi olan RİA Novosti-nin hərbi müxbiri Rostislav Juravlyov Ukraynada həlak olub.

Bu barədə onun çalışdığı RİA Novosti agentliyi iyulun 22-də məlumat yayıb. Hadisə Ukraynanın Zaporojye vilayətinin Pyatixatki kəndi yaxınlığında baş verdiyi bildirilir.

Buna da bax: Ukrayna Qara dənizdə gəmilərin Rusiya limanlarına hərəkətinə qadağa qoyur

İyunun əvvəlindən sözügedən kənd uğrunda gərgin döyüşlərin getdiyi, bəzi məlumatlarda Ukrayna ordusunun bu kəndi azad etdiyi bildirilir.

Agentlik fotomüxbiri Konstantin Mixalçevskinin də yaralandığını bildirir. Rusiya Jurnalistlər İttifaqının məlumatına görə, yaralananlar arasında “İzvestiya”nın müxbiri Roman Polşakov və operator Dmitri Şikov da var.

Atəşə düzənlərin arasında TASS və “Rossiya” telekanalının müxbirlərinin də olduğu xəbər verilir.

Rusiya Müdafiə Nazirliyi hadisənin şənbə günü günorta saatlarında baş verdiyini bildirir.

Nazirlik kasset bombalarından istifadə olunduğunu iddia edir . Hələki Ukrayna hərbçiləri Rusiya tərəfinin bu iddialarını şərh etməyiblər.

Juravlev Ukraynadakı müharibə haqqında yazdığı "Nejurka "teleqram kanalını idarə edirdi. O, əvvəllər Rusiyada qadağan edilmiş Milli Bolşevik Partiyasının, daha sonra qeydiyyatdan keçməmiş "Eduard Limonovun başqa Rusiyası" partiyasının Sverdlovsk şöbəsinə rəhbərlik edib.

Buna da bax: Belarus Vaqnerlə birgə hərbi təlim keçirəcəyini bildirir

Rostislav Juravlyov 2014-cü ildə Krımın ilhaqında və Rusiyanın dəstəklədiyi separatçıların tərəfində Donbassdakı müharibədə fəal iştirak edib.

İkinci Qarabağ müharibəsi zamanı Rostislav Juravlyov müharibənin gedişini Ermənistan tərəfindən işıqlandırıb. Bundan başqa o, Azərbaycanın Qarabağ bölgəsində olub, Rusiya sülhməramlı kontingentin Azərbaycana gəlməsi və cərəyan edən hadisələrlə bağlı birtərəfli reportajlar hazırlayıb.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri onlarla ukraynalı və əcnəbi jurnalist və bloqqer həlak olub.

“Azadlıq” radiosunun Ukrayna xidmətinin jurnalisti Vera Giriç ötən ilin aprelində Rusiyanın Kiyevə raket hücumu nəticəsində həlak olub.

Ukraynalı fotoqraf Maksim Levin ötən il rus əsgərləri tərəfindən öldürülüb. Kiyevin atəşə tutulması zamanı həlak olan jurnalistlər arasında rusiyalı jurnalist Oksana Baulina var.