Smolenskdəki maral heykəli 'düşmən abidəsi' sayılıb

"Maral"

Rusiyanın Smolensk şəhərindəki ekspert qrupu şəhər parklarının birindəki maral heykəlini qorunan abidə kimi tanımaqdan imtina edib. Səbəb isə sözügedən heykəlin 20-ci əsrdə "düşmən" sayılan ölkə - Almaniyada hazırlanmasıdır.

Qrupun başçısı Vitali Kazepinin imzaladığı qərarda deyilir ki, "Rusiyanın tarixi abidələrindən bəzilərini dağıtmış düşmən ölkədə hazırlanmış abidəni qorumaq digər abidələrə qarşı ədalətsizlik olardı". Qərarda abidənin "ov qəniməti" olduğu da vurğulanır.

"Maral" heykəlini 1910-cu ildə almaniyalı heykəltəraş Riçard Frize (Richard Friese) hazırlayıb, İkinci Dünya müharibəsinin sonunda Smolenskə gətirilib.

Kazepin şuranın iclasında onu da deyib ki, Almaniyada hazırlanmış heykəl hansısa tarixi hadisə ilə bağlı deyil, ona görə də Rusiya incəsənət nümunəsi sayılmır. Yerli medianın yazdığına görə, onun opponentləri bu heykəlin 1945-ci ildən sonrakı tarixi ilə bağlı arxiv materiallarını əsas gətiriblər, onun yerli abidə kimi mühafizə olunduğunu deyiblər. Ancaq yenə də şura "Maral"ın abidə statusunu tanımayıb.

Frize maral abidəsini alman imperatoru II Vilhelmin sifarişi ilə hazırlayıb. İmperator rəssamdan onun 1909-cu ildə Şərqi Prussiyada öldürdüyü ov qəniməti maralın tunc abidəsini yaratmasını istəyib.

1910-cu ildən bu heykəl imperatorun indiki Kalininqrad vilayəti ərazisində, Rominten meşəsindəki iqamətgahında qalıb. İkinci Dünya müharibəsindən sonra Smolenskə aparılıb, şəhər əhalisi və turistlərin sevimli məkanı Blonye parkında qoyulub.