Kiyev: Rusiya Ermənistandakı hərbçilərini Ukraynaya atır

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası

Martın 19-u Rusiyanın Ukraynaya təcavüzünün başlamasından 24-cü gündür. Bir gün əvvəl Rusiya BMT-ni bu ölkədəki humanitar vəziyyətlə bağlı qətnamə əvəzinə Ukraynada guya bioloji silahların hazırlanmasını müzakirə etməyə çağırıb.

Bu arada Ukrayna Baş Qərargahının yaydığı məlumata görə, Rusiya hərbi komandanlığı öz hərbçilərini Ermənistandan Ukraynaya köçürür.

Ukrayna Baş Qərargahı və NATO ölkələrinin kəşfiyyat xidmətləri Rusiya qoşunlarının bir sıra ərazilərdə irəliləməsi və hücumlarının intensivliyinin azaldığını qeyd edirlər.

Amerika ISW (Müharibə Tədqiqat İnstitutu) gündəlik hesabatında yazır ki, Ukrayna qüvvələri Kiyevin şimal-qərbində rus qoşunlarına ağır itkilər verib, bundan başqa Xarkov yaxınlığında Rusiya qoşunlarının hücumları dəf ediblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında Rusiya qoşunların itkilərə görə Kiyevə hücumu bərpa edə bilmədiyi vurğulanır və qeyd olunur ki, Rusiya hərbi komandanlığı Ermənistandan öz hərbçilərini Ukraynaya daşıyır.

Rusiya tərəfinin Ermənistandakı bazasından Ukraynaya qoşunların göndərilməsi ilə bağlı bu məlumatı təsdiq və təkzib etməsi ilə bağlı hər hansı bir məlumat yoxdur.

Xarkov vilayətində atəşkəs rejiminin pozulması səbəbindən humanitar yardımın çatdırılması üçün dəhlizlərin işi dayandırılıb.

Fransa və Rusiya prezidentləri Emmanuel Makron və Vladimir Putin arasında telefon danışığı olub. Makron xüsusilə Mariupoldakı humanitar böhrandan danışıb. Putin isə Ukrayna Silahlı Qüvvələrinin Donbass şəhərlərini atəşə tutduğunu təkid etməyə davam edib. Lvovda raketlər yerli aerodrom yaxınlığındakı zavoda, Kiyevdə - Podolski rayonuna düşüb. Yenilənmiş məlumatlara görə, bir nəfər ölüb, 19 nəfər yaralanıb.