Qazaxıstan 'Taliban'ı terrorçular siyahısından çıxarıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT ölkələrinin parlament spikerləri ilə görüşdə

Qazaxıstan Əfqanıstan hökuməti ilə ticari-iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün "Taliban" rejimini terrorçu təşkilatlar siyahısından çıxarıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlament sədrləri ilə görüşündə bildirib.

Onun fikrincə, indiki mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.

Qazaxıstan Ali Məhkəməsinin 15 mart 2005-ci il tarixli qərarı ilə "Taliban" terror təşkilatı kimi tanınıb və Qazaxıstan ərazisində fəaliyyəti qadağan edilib.

"Qazaxıstan Əfqanıstanla iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və "Taliban" hərəkatının ölkədəki nüfuzunun uzunmüddətli amil olduğunu nəzərə alaraq, onları terrorçular siyahısından çıxarıb", - Tokayev bildirib.

O, Qazaxıstanın Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün dayanıqlı inkişaf məqsədləri üzrə Regional Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləməyə çağırıb.

28 may

Rusiyada 'Taliban' terror təşkilatları siyahısından çıxarıla bilər

Rusiya Xarici İşlər və Ədliyyə nazirlikləri prezident Vladimir Putinə Əfqanıstanın "Taliban" islam hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağı təklif edib. Bu barədə dövlət başçısının Əfqanıstan üzrə nümayəndəsi Zamir Kabulova istinadən TASS xəbər verir.

1996-2001-ci illərdə Əfqanıstanda iqtidarda olmuş "Taliban" xarici qoşunların çıxarılmasından sonra 2021-ci ilin avqustunda yenidən ölkədə nəzarəti tam ələ keçirib. Rusiya hakimiyyəti hərəkatın nümayəndələri ilə fəal əlaqə saxlayır, onun nümayəndə heyətləri isə tez-tez Rusiyaya gəlir.

"Taliban" hərəkatının nümayəndələri iyunun 5-dən 8-dək baş tutacaq Sankt-Peterburq Beynəlxalq Forumuna dəvət olunublar.

Eyni zamanda, hakimiyyətin "Taliban" ilə belə sıx əməkdaşlığına baxmayaraq, hərəkat Rusiyada, hələlik, qadağan edilib və terror təşkilatı kimi tanınır. Fəallar və media qurumları müvafiq nişanlama olmadan onun adını çəkdiklərinə görə məsuliyyətə cəlb olunurdu. Həmçinin, Omskdakı Federal Penitensiar Xidmətin (FSIN) xəstəxanasında "Taliban" haqqında danışdığına görə məhkuma üç il yarım koloniya cəzası verilib. Məhbus Anvarzoda Osimconi açıq şəkildə terrora haqq qazandırmaqda və təbliğ etməkdə təqsirli bilinib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, "Taliban"ın terror təşkilatları siyahısından çıxarılması təklifi "obyektiv reallığı əks etdirir". Onun sözlərinə görə, hərəkat Əfqanıstan ərazisində real hakimiyyəti təmsil edir və "Rusiya buna biganə deyil".

2021-ci ilin oktyabrında Vladimir Putin bildirib ki, Rusiya "Taliban"ı terror təşkilatlarının reyestrindən çıxarmaq qərarına yaxınlaşır, lakin, onun sözlərinə görə, əvvəlcə belə bir qərar Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində qəbul edilməlidir.

Əfqanıstanda Taliban dövründə insan haqları kütləvi şəkildə pozulur. Dünyəvi qanunvericilik şəriət qanunları ilə əvəz edilib. Müxalifətçilərin təqibi, açıq edamlar tətbiq olunur. Qadınlar təhsil və işləmək hüququndan məhrumdurlar. Ölkədə onların təkrar hakimiyyətə gəlməsindən sonra iqtisadi çətinliklərin də kəskin şəkildə artdığı bildirilir.