400 miqrant Rusiya vətəndaşlığından məhrum edilib

Rusiya pasportu

Son altı ayda Rusiya hakimiyyət orqanları müxtəlif cinayətlərə görə 398 vətəndaşlıq almış şəxsi vətəndaşlıqdan məhrum edib. Bu barədə TASS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

2023-cü ilin oktyabrında qüvvəyə minmiş qanuna görə, şəxs Rusiya ordusunu nüfuzdan salma, saxta məlumat yayma, təxribat, fərarilik, ölkəyə qarşı sanksiyalara çağırışlar, casusluq, dövlətə xəyanət, "xarici agentlər" haqqında qanunun pozuntusu və arzuolunmaz təşkilatlarda iştirak kimi hallar üzrə hökm əsasında vətəndaşlıqdan məhrum edilə bilər.

Vətəndaşlıq banditizm, cinsi istismar, saxta pul hazırlamaq, cinayətkar birlik təşkil etməyə görə də ləğv oluna bilər.

2024-cü ilin martında bildirildi ki, Rusiya ordusu haqqında "saxta" məlumatlar yaydığına görə 6 il azadlıqdan məhrum edilən Krasnodar sakini Aleksandr Somryakov vətəndaşlıqdan məhrum olunub. Bu, sözügedən maddə ilə vətəndaşlıqdan məhrumetmə ilə bağlı ilk hal idi.

Ümumilikdə Rusiya vətəndaşlığından çıxarılma ilə bağlı ilk hadisə isə 2023-cü ilin dekabrında baş verib. Moskva Daxili İşlər Nazirliyi iki nəfərin narkotik maddə olan bağlamalarla saxlanıldığını, mühakimə olunduğunu (cəzanın müddəti göstərilmir) və onların vətəndaşlıqdan məhrum edildiyini bildirib.