Saakaşvili tərəfdarları Tbilisidə izdihamlı mitinq keçirir (Video)

Azadlıq meydanına toplaşan nümayişçilər “Mişanı azad et!” şüarı səsləndirir, dövlət bayraqlarını dalğalandırırdılar

Oktyabrın 14-də Tbilisinin mərkəzinə toplanan minlərlə insan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edib.

Saakaşvilinin ötən ay ölkəyə qayıtdıqdan sonra həbs olunması Gürcüstandakı siyasi böhranı daha da dərinləşdirib.

Gürcüstan paytaxtının baş küçəsi olan Rustaveli prospektindəki Azadlıq meydanına toplaşan nümayişçilər “Mişanı azad et!” şüarı səsləndirir, dövlət bayraqlarını dalğalandırırdılar.

Xəbər verilir ki, mitinqdən əvvəl parlamentin binası yaxınlığına çox sayda avtobuslarla iğtişaş polisi gətirilmişdi.

Həbsxanadan müraciət

Mitinq müxalif Mtavari telekanalının baş direktoru və Saakaşvilinin vəkillərindən birinin keçmiş prezidentin müraciətini oxuması ilə başlanıb.

Saakaşvili müraciətində ölkə cəmiyyətini barışıq və birliyə çağırıb.

Müraciət müxalifət tərəfdarlarını birləşməyə və oktyabrın 30-da Gürcüstanın demək olar bütün böyük şəhərlərində bələdiyyə seçkisinin ikinci turuna çıxmış Milli Hərəkatın namizədlərinə səs verməyə çağırır:

“İndi heç bir əlamət, partiya mənsubiyyəti və ya hər hansı başqa əlamətə görə parçalanmağın vaxtı deyil. İndi Gürcüstanı azad etmək vaxtıdır və bugün bunu etmək üçün ən mühüm olanı birlikdir. Dərk etmək çox mühümdür ki, bizim cəmiyyətimizin, ölkəmizin böyük barışığa ehtiyacı var və biz buna hazır olmalıyıq. Bugün ölkəmiz üçün həyati vacibdir ki, biz bir-birimizi alçaltmağı, bir-birimizə qarşı nifrət toxumu səpməyi dayandıraq. Biz bir-birimizi bağışlamalıyıq və mən bunları bir qanunsuz həbs edilmiş məhbus kimi həbsxanadan yazıram”.

Saakaşvilinin müraciətində deyilir ki, daha bir revanş və qisas ölkəni dağıda bilər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tbilisidə Saakashviliyə azadlıq tələbi ilə aksiya

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin yaratdığı “Vahid milli hərəkat” partiyası siyasətçinin buraxılması tələbiylə Tbilisidə irimiqyaslı etiraz aksiyasına hazırlaşır. Bu haqda AzadlıqRadiosu-nun gürcü xidməti xəbər verir.

Təşkilatçılar Azadlıq meydanına onminlərlə tərəfdarın toplanacağına ümid edirlər. “Mişaya azadlıq” aksiyası axşama nəzərdə tutulur.

Buna da bax: Gürcüstan necə bir siyasi sığınacaqdır?

Regionlardan aksiyada iştirak üçün avtomobil karvanlarının getdiyi xəbər verilir. Hakim “Gürcü arzusu” partiyasının tərəfdarları isə mərkəzi yolda müxalifətçiləri süpürgələrlə qarşılayır. Bu, Saakaşilinin hakimiyyəti dövründə ölkə həbsxanalarında işgəncə iddialarına eyhamdır.

Saakaşvili oktyabrın 1-də gizlicə Gürcüstana qayıdıb və Tbilisidə həbs olunub. Həmin gündən aclıq etdiyini deyən Saakaşvili özünü siyasi məhbus elan edib, ittihamları isə qondarma adlandırıb.

Buna da bax: Saakaşvili xəstəxanada ‘müalicə almalıdır’

Saakaşvili iki iş üzrə təqsirli bilinib. Ona, Daxili İşlər Nazirliyinin qətldə təqsirli bilinmiş keçmiş əməkdaşlarını əfv etdiyinə görə 3 il həbs kəsilib. Keçmiş deputat Valeri Gelaşvilini döyməyə görəsə 6 il həbs cəzası alıb.

Gürcüstan hakimiyyəti bildirir ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası nəzərdə tutulmur, o, vətəndə cəzasını çəkməlidir.